Ölkə futbolu

“Qəbələ”nin “nəsə”si

Qəbələdə gözlənilməz nəticənin görünən tərəflərindən bəhs etmək, çatışmazlıqlara köklənmək daha faydalı olar. Bölgə təmsilçisinin istədiyi oyunu sərgiləyə bilmədiyi, kollektiv oyun planında əskiklər olduğunu gizlətmək, görməzdən gəlmək olmaz. Ötən illərdəki komanda ilə hazırkı “Qəbələ”nin arasında ən ciddi fərq də budur.

Baş məşqçi oyun planından, komandasının mübarizəsindən razı qala bilər. Ancaq üst-üstə gələn uğursuz nəticələr heç də ürəkaçan deyil. Ola bilsin ki, “Qəbələ”nin istəkli-aqressiv mübarizəsi Baxşıyevi razı salır. Amma bunlar indi də, qarşıdakı oyunlarda da uğur qazanmaq üçün yetərli olmayacaq.

Şablon razılıq əlaməti artıq çarə axtarmaqla, çıxış yolunu tapmaqla əvəzlənməlidir. Hər oyun “qırmızı-qaralar”da nəsə çatmır. O “nəsə”ni tapmaq məşqçi işidir. Əgər sırf döyüşkənliklə qane oluruqsa, mövcud turnir cədvəli ilə barışmaq lazımdır. Elmar bəy isə barışmır, komandasının daha yaxşı yerlərə layiq olduğunu bildirir. Ancaq bu oyunla çətin.

Ümumiyyətlə, son illərdə hər uğursuz nəticənin ardından yerli mütəxəssislər “döyüşdük”, “vuruşduq” kimi sözlərdən çox istifadə edir. Halbuki sadalanan keyfiyyətlər oyun göstərməyin sadəcə və sadəcə bir parçasıdır. Əgər siz bunlarla yanaşı, top saxlamağı bacarmırsınızsa, epizodlardan yararlana bilmirsinizsə, məğlubiyyət qaçınılmaz olacaq. “Qırmızı-qaralar” hücum xəttində çoxala bilmir, rəqib cərimə meydançasında futbolçular qərarsız qalır, yaradıcılıq çatışmazlığı hiss olunur. Əgər heyət səviyyəsində heç bir problem yoxdursa, bəs niyə alınmır? Komandasına olan güvəni baş məşqçini çaşdırmamalıdır. Və ən qısa zamanda “nəsə”nin nə olduğunu tapıb problemi həll etməlidir 

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43