Premyer Liqa

“Qarabağ” 5-ci çempionluğunu qeyd edib, tarixə düşdü

Azərbaycan Premyer Liqasında 2016/17 mövsümünün çempionu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Ağdamın “Qarabağ” klubu qızıl medalları XXVI turda təmin edib. Əyalət klubu “İnter”lə səfər oyununda (3:0) xal hesabını 56-ya çatdırıb. 2-ci pillədə qərarlaşan “Qəbələ” səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğundan Qurban Qurbanovun yetirmələri sona 2 tur qalmış 1-ci yeri təmin edib. İzləyicisini 7 xal qabaqlayan “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə Azərbaycan çempionu olub. Ağdam təmsilçisi ölkə futbolu tarixinə ardıcıl 4 mövsüm 1-ci yeri tutan ilk komanda kimi düşüb. 2013/14, 2014/15, 2015/16 mövsümlərində də çempion olan “Qarabağ” ilk uğurunu 1993-cü ildə əldə edib.

Qeyd edək ki, ümumilikdə “Neftçi” 8, “Qarabağ” 5, “Kəpəz” 3, “İnter”, “Bakı”, “Şəmkir” 2, “Turan”la “Xəzər Lənkəran” 1 dəfə Azərbaycan çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43