İdman

“Qarabağ”dan ayrılan məşqçi: “Qarabağ”ın uduzması faciə hesab olunur”

“Həmişə yeni çağırışlara köklənirəm. “Qarabağ”da qarşıya qoyulan hədəf mənim düşündüyümdən yüksək idi”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Ruben Selles deyib.

 Hazırda fəaliyyətini Danimarkanın “Orxus” klubunda davam etdirən 35 yaşlı çalışdırıcı bu ölkənin mətbuatına müsahibə verib. Baş məşqçi David Nilsenin köməkçisi olan Selles “Qarabağ”dan ayrılması haqda da danışıb: “Yeni fəaliyyətə başlamaq üçün yaxşı şans qazandım və bundan istifadə etdim. Köməkçi məşqçi olmaq xoşuma gəlir. İnsanların qərarımı başa düşüb-düşmədikləri məni maraqlandırmır. Bilirəm ki, Çempionlar Liqasının qrupunda oynamış komandadan Danimarka klubuna keçməyi anlayışla qarşılamaq çətindi. Amma burda söhbət işdən həzz almaq hissindən gedir. Nilseni çoxdan tanıyıram. O, beynəlxalq səviyyəli məşqçidi. Məhz Nilsen mənimlə əlaqə saxlayıb, “Orxus”da işləməyimi istədi. O, mənə köməkçi məşqçi kimi özümü göstərmək şansı yaratdı”.

 

Selles qeyd edib ki, Azərbaycanda “Qarabağ”ın uduzması faciə hesab olunur və bütün azarkeşlər bu komandadan avrokuboklarda yaxşı çıxış gözləyirlər. Bundan əlavə, o, çempionatımızda oyunların az tutumu olan stadionlarda keçirilməsinə də toxunub: “Azərbaycanda “Sumqayıt”, “Qəbələ” və “Zirə” kimi komandalara qarşı 1500, 4500 və 1400 azarkeş tutumuna malik stadionlarda oynayırdıq. Bütün rəqiblərə hörmətlə yanaşıram. “Atletiko” kimi komandadan sonra “Hobro” ilə qarşılaşmaq da mümkündü. Düzdü, bunlar eyni şey deyil. Çünki turnirlər arasında böyük fərq var. Amma bu fərq futbolçular üçündü. Mənim üçün isə hazırlıq eynidi”.

 

Qeyd edək ki, “Orxus” Danimarka Superliqasında 19 turdan sonra 11-ci pillədə qərarlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43