Kateqoriyasız

“Qəbələ” rəsmisi: “Fikirləşirəm ki, bunlarla beynimizi yormağa hələ dəyməz”

“Mövsümə yüksək notlarda yekun vurduq. Təbii ki, çempionatın əvvəlini və sonunu nəzərə alsaq, arada ciddi şəkildə fərqlənən komandaların olduğunu görərik. Adətən, həmin vaxt komandalarda bir qədər yorğunluq olur, müəyyən səbəblərdən sabit çıxış edə bilmirlər. Ancaq sevindirici hal odur ki, biz 2 mövsümdür aprel və may aylarının uğurlu komandasıyıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri  “Qəbələ”nin baş meneceri Zaur Əzizov “Qəbələ İK”ya müsahibəsində deyib.

Başa çatan 2014/15 mövsümünü dəyərləndirən klub rəsmisinin sözlərinə görə, "qırmızı-qaralar"ın son 2 aydakı həlledici oyunlarda uğurlu çıxışı ümumi nəticəyə birbaşa təsir göstərib: “Biz qarşıya qoyulan minimal hədəfə çatdıq. Təbii ki, maksimum hədəf mövsümü çempion kimi bitirmək idi. Ancaq qış fasiləsinə hansı şəkildə yollanmağımızı nəzərə alsaq, son nəticə qənaətbəxş sayılmalıdı. Qış fasiləsində kimsə desəydi ki, “Qəbələ” çempionatı mükafatçılar sırasında bitirəcək, bu, yəqin ki, çoxlarına müşkül bir məsələ kimi görünərdi. Ancaq komandamız, baş məşqçi, məşqçilər korpusu işin öhdəsindən gəldi. Təbii ki, klub da onlara uğur qazanmaq üçün hər cür dəstək verdi. Nəticədə, klubda çalışan hər bir insanın əməyi sayəsində komandamız mövsümü bürünc medallarla başa vurdu”.

Əyalət təmsilçisini bundan sonra daha çətin sınaq gözləyir. Çünki “qırmızı-qaralar” Avropa Liqasında çıxış edəcək. Əzizov bildirib ki, adətən, “Qəbələ” kimi komandaların avrokuboklarda məqsədi bacardıqca irəliləməkdi: “Bilirik ki, püşkdə bəxtimizə ciddi futbol ölkəsinin təmsilçisi də düşə bilər. Məsələn, İngiltərənin “Vest Hem” klubu “Fair Play”a əsasən, Avropa Liqasına vəsiqə qazanıb. Yəni Azərbaycan klublarına düşə biləcək rəqiblər arasında ciddi fərq var. Əlbəttə, bir neçə mərhələ keçmək istəyirik. Necə ki, bu mövsüm minimal vəzifə yerinə yetirildi, avrokuboklarda da minimal vəzifə hələ ki ilkin mərhələni keçməkdir. Sözsüz ki, burada püşk də öz rolunu oynayır və ondan sonra daha konkret hədəf qoymaq olar. İndidən bir neçə mərhələ keçmək və qrupa düşmək barədə danışmaq çox tezdir. Fikirləşirəm ki, bunlarla beynimizi yormağa hələ dəyməz”.

"İyunun 22-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatmada rəqib müəyyənləşəcək. “Qəbələ”nin Avropada reytinq xalının olmaması işiniçətinləşdirir. Odur ki, böyük ehtimalla "qırmızı-qaralar" güclü rəqiblə düşəcək. Bu amil qarşıya qoyulan vəzifəyə mane ola bilərmi?" sualına isə Zaur bəy bu cavabı verib: “Ötən mövsüm Avropa Liqasında çıxışımız, həqiqətən, çox böyük təcrübəsizlik fonunda baş verdi. Komandada gözlənilməz dəyişikliklər ucbatından turnirə istənilən şəkildə hazırlaşa bilmədik. Bunun məntiqi davamı “Qəbələ”nin ilk mərhələdəcə çıxışını yekunlaşdırması oldu. Mənə elə gəlir ki, indi daha təcrübəliyik, komanda olaraq hazırlıqlıyıq. Çünki mövsümdə çıxış etmiş, ən azı, 15-16 futbolçu sıralarımızda qalıb. Ona görə də bu dəfə avrokuboklara daha hazırlıqlı yollanacağımızı düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43