Kateqoriyasız

“Qəbələ”: tamamlar və natamamlar

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununun hazırlıqlarını başa vurub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, sabah Qəbələ şəhər stadionunda “Simurq”a qarşı keçiriləcək matça doğma meydanda hazırlaşan “qırmızı-qaralar” bu gün son məşqinə çıxıb.

Roman Qriqorçukun futbolçuları oyuna tam heyətlə hazırlaşa bilməyib. Düzdür, Rəşad Sadiqov zədədən sonra tam sağalaraq komanda ilə birlikdə məşq edib. Lakin Cavid Hüseynov yalnız fərdi hazırlıqla kifayətlənib, hələ də zədədən əziyyət çəkən Ruslan Əmircanov isə ümumiyyətlə məşqə qatılmayıb.

“Qəbələ” – “Simurq” qarşılaşması sabah, saat 19:00-da başlayacaq və “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, ilk dəfə hər iki komandanın birinci dəstədə çıxış etdiyi 2005/06 mövsümündə qarşılaşan rəqiblər 30-cu dəfə üz-üzə gələcək. Bu matçlarda 12 dəfə “Qəbələ”, 10 dəfə “Simurq” qalib gəlib, 7 dəfə qalib müəyyənləşməyib. Vurulan 59 qoldan 32-ni “qırmızı-qaralar”, 27-ni rəqibi vurub. Kubokda yalnız 1 dəfə üz-üzə gələn rəqiblər 2007/2008 mövsümünün 1/8 finalında görüşüb. Hər komandanın öz meydanında qalib gəldiyi dueldə “Qəbələ” səfər qolu ilə mərhələ adlamışdı – 1:0, 1:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43