Ölkə futbolu

“Qəbələ”dən 8 oyunda 7 qələbə

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda növbəti matçlar baş tutub.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” Futbol Akademiyasının təmsilçiləri üçün son 1 həftə də uğurlu alınıb. Vahid liqalarda çıxış edən U-19, U-17, U-16, U-15-in iştirakı ilə keçirilən 5 oyunda 4 qələbə qazanan “qırmızı-qaralar” 3 yarışın lideridir. U-19 öz meydanında “Bakı” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 6 matçda topladığı 13 xalla 5-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Qarabağ”ın qonağı olacaq.

Rəqib meydanında “İnter”i 3:2 hesabı ilə məğlub edən U-17-nin növbəti rəqibi “Neftçi” İK İB olacaq. Ardıcıl 6 qələbə qazanan “Qəbələ” ev oyunu öncəsi vahid liderliyini davam etdirir.

“İnter” üzərində 3:0 hesablı səfər qələbəsi qazanan U-16 da vahid liderdir. 6 matçda 16 xal toplayan “qırmızı-qaralar” qarşıdakı turda evdə “Turan”ı sınağa çəkəcək.

Litvadakı beynəlxalq turnirdən qayıdandan sonra iki oyun keçirən U-15 evdə AZAL-ı 6:1 hesabı ilə məğlub edib, səfərdə “İnter”ə uduzub – 3:4. 7 matçda 16 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Növbəti turdakı rəqib isə “Xəzər Lənkəran” olacaq.

Digər komandalar isə zona yarışlarında növbəti matçlarda qüvvəsini sınayıb. Paytaxt zonasında çıxış edən U-14 “Sərhədçi” ilə görüşdə çətinlik çəkmədən qalib gəlib – 11:0. Növbəti turda “Vətən”i sınağa çəkəcək “Qəbələ” 6 turdan sonra 13 xalla 3-cü sırada yer alıb.

Şimal, Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-12 Oğuzun UGİM-ini 12 cavabsız qolla məğlub edib. 6 matçda 14 xal toplayan “Qəbələ” lider mövqeyində qərarlaşıb. Komanda Şəki UGİM-i ilə üz-üzə gələcək. “Daşqın”la qarşılaşan U-11 də böyükhesablı qələbə əldə edib – 4:1. Növbəti matçda Qax UGİM-ini sınağa çəkəcək U-11 yarışın liderləri sırasındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43