21 Dekabr 2024
Ölkə futbolu

“Qəbələ”nin futbolçusu: “Bizim üçün qələbə uğursuzluq zolağından çıxmaq üçün vacibdir”

“Qəbələ”nin Azərbaycan Premyer Liqasında keçirdiyi son iki oyun Bəxtiyar Soltanovun ilkləri ilə əlamətdar olub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komandaya bir müddət əvvəl cəlb olunan 25 yaşlı futbolçu XII turun AZAL-a (3:3) qarşı matçda “qırmızı-qaralar”ın heyətində ilk oyununu keçirib, növbəti turun “Simurq”la (2:3) ev oyununda isə qol hesabını açıb.

Klub tarixinə 179-cu futbolçu və qol sevinci yaşayan 91-ci futbolçu kimi düşən Soltanov klubun saytına açıqlamasında bildirib ki, bunda uyğunlaşma ilə bağlı problemin olmaması rol oynayıb:

“Komandaya yeni keçsəm də, uyğunlaşmaqda ciddi problem görmürəm. Çünki yerli futbolçuların çoxunu tanıyırdım. Ümumiyyətlə isə uyğunlaşma gedir və qarşıdakı matçlarda daha yaxşı oynayacağam. Düzdür, ilk oyunda debüt edib, növbətidə qol hesabımı açmışam. Amma yenə oyunum haqda yaxşı deyə bilmərəm. Çünki komandam qalib gəlməyib. Əsas da budur. Həm də potensialım daha artığına çatar. Bunu da qarşıdakı matçlarda nümayiş etdirməyə çalışacağam”.

B.Soltanov XIV turun “Neftçi” ilə qarşılaşması haqda da fikirlərini bildirib: “Bizi qarşıda “Neftçi” ilə oyun gözləyir. Bilirik ki, qarşılaşma çətin olacaq. Paytaxt təmsilçisi güclü komandadır. Lakin biz bu oyuna qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Bizim üçün qələbə uğursuzluq zolağından çıxmaq üçün vacibdir. Səfərdə oynayacağımıza baxmayaraq qələbə əldə etməliyik. Mən də çalışacağam ki, “Qəbələ”də növbəti qolumu vurum, qələbədə pay sahibi olum”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43