21 Dekabr 2024
Kateqoriyasız

“…qrupu sonuncu bitirəcəyik” – Yurçeviç

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasını qonaq edəcək Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Bizim üçün böyük olacaq. Dünya çempionatının ikincisinə qarşı oynayacağıq. Motivasiyamız yüksəkdi. İki gün əvvəl məyusedici nəticə ilə üzləşdik. Sona 5 dəqiqə qalmış qol buraxıb, məğlub olduq. Uelsə qarşı təsnifat mərhələsinin ən yaxşı oyununu keçirdik. Oyunçularla danışmışıq, hazırdılar. Bəzi zədələrimiz var. Məşqdən sonra heyəti biləcəyik. Rəqibin gücü, ulduzları hamıya bəllidi. Bratislavada fantastik oyun keçirdilər. Amma bu, o demək deyil ki, şansımız olmayacaq. Kompakt oynaya, əks-hücumlarda təhlükəli ola bilərik.

– Son vaxtlar yaxşı formada olan Ağabala Ramazanovun start heyətdə olma ehtimalı nə qədərdi? Uelslə matçda da az oynasa da, təhlükəli epizodlar yaaratdı. Bir də, son oyunda səhvlər edən Səlahət Ağayev yenə oynayacaq?
– Mən əvvəlcə futbolçuların son durumuna baxacam. Bəzi kiçik zədəsi olan futbolçular var. Təbii ki, Ağabalanın da oynamaq ehtimalı çoxdu. İndi start heyətdə hansı qapıçının oynayacağını deyə bilmərəm. Heyətlə bağlı qərarı verməmişəm.

– Səfər matçlarında evdəkilərdən daha yaxşı oynamışıq. Bunun səbəbini nədə görürsüz?
– İyundakı oyunlar komandamız üçün ən yaxşı günlər deyildi. Futbolçuların fiziki forması aşağı idi. Digər səbəb erkən qollar buraxmağımız oldu. Bundan başqa, standart vəziyyətlərdə etibarlı deyildik. Bunlar nəticələr üçün əsas səbəblər idi. Razıyam ki, səfərdə daha yaxşı çıxış etmişik.

– Emin Mahmudov öz mövqeyində ölkədə ən yaxşılardandı. Onun heyətə düşməməsinin səbəbi nədi?
– Mən futbolçu kimi onu bəyənirəm. “Neftçi”də əsas oyunçulardandı. Çox texnikalı oyunçudu. Oynamamasının səbəbi odu ki, oyunlarda “ikinci nömrə” kimi çıxış edirik. Daha çox müdafiə olunduğumuza görə Emin oynamır. Amma təbii ki, onun da şansı olacaq.

– Son oyunda komanda pis oynamadı, amma nəticə istədiyimiz kimi deyildi. Sizə nə qədər vaxt lazımdı ki, yaxşı nəticələr olsun?
– Yaxşı sualdı. Bu qrupda 5 komanda var. FIFA reytinqinə görə onlardan ən zəifik. Hər oyunda yaxşı nəticə qazanmaq olmur. Bu, tək bizdən asılı deyil. İki oyunda 1 xal qazanmağa yaxın idik, alınmadı. Ümid edirəm ki, xallar qazana biləcəyik.

– Sabah Zaqreb, yoxsa Kardif modelini izləyəcəyik? Yoxsa üçüncü model hazırlamısız?
– Hər ikisindən olacaq, eyni zamanda bəzi dəyişikliklər də. Kompakt olmalıyıq. Tək müdafiədə yox, həm də hücumda nələrsə əldə etməyə çalışmalıyıq.

– Xorvatiya yığmasının gücü bəllidi. Amma hər komandanın zəif cəhəti də olur. Xorvatiyada bunu tapmısızmı və biz komanda olaraq bundan istifadə edə biləcəyikmi?
– Bəli, hər komandanın zəif nöqtələri olur. Bunlardan istifadə etməyə çalışacağıq. Xorvatiya Slovakiyaya qarşı ilk oyunda qədər o qədər də yaxşı oynamadı, amma son matçda öz keyfiyyətini ortaya qoydu. Xorvatiya həmin görüşdə fantastik oynadı. İki oyunu eyni səviyyədə keçirmək çətin olur. Həm də mümkündü ki, sabah eyni motivasiya olmasın.

– Eddi İsrafilovun zədə səbəbindən çağırılmadığı deyilirdi. Amma dünən öz klubunda meydana çıxdı…
– O, bizim üçün çox vacib oyunçudu. Biz onunla əlaqə saxlamışdıq. O, cəmi bir neçə gün idi ki, məşqlərə başlamışdı. Mənə dedi ki, 15-20 dəqiqə oynaya bilər. Bu səbəbdən də milliyə çağırmadıq.

– “Kayserispor”da Hüseyin Acar adlı futbolçu var. Onun haqqında eşitmisizmi və yığmaya çağırılması mümkündümü?
– Azərbaycan millisində oynaya biləcək oyunçuların hamısı bizim üçün vacibdi. Amma indi bu vacib deyil. Xorvatiya ilə oyuna köklənməliyik.

– İş elə gətirib ki, məğlubiyyətləri müqayisə edirik. Deyə bilərsizmi, hansı məğlubiyyətimiz daha yaxşı oldu?
– Bu, mənim üçün qəribə sualdı. Məğlubiyyətləri müqayisə etmək istəmirəm. Az öncə bildirdim ki, bizim Uelsə qarşı matçımız təsnifat mərhələsindəki ən yaxşı oyunumuz idi.

– Hazırda sonuncuyuq, tsikli neçənci bitirə bilərik?
– Real vəziyyət onu göstərir ki, qrupu sonuncu bitirəcəyik. Bunu dəyişmək çox çətindi. Ancaq növbəti matçlarda vuruşacağıq və xallar qazanmağa çalışacağıq. Əgər bir qələbə qazansaq, daha fərqli ola bilər. Hazırda isə reallıq 5-ci yerdi.

– Xorvatiyanln hans zəif cəhətlərini görürsüz?
– Slovakiya ilə görüş istisna olmaqla, digər matçlarda Xorvatiya yaxşı oynamayıq. Ümid edirəm ki, son matçdakı kimi yox, əvvəlki 4 görüşdəki kimi çıxış edəcək.

– Qeyd etdiz ki, Uelsə qarşı yaxşı oynadız. Həmin matçda komandanın son dəqiqədə qol buraxması fiziki və psixoloji olaraq sabahkı oyuna necə təsir edəcək?
– Oyunçularımızln əksəriyyəti 3 günlük rejimdə oynamırlar. 2-3 dəyişiklik ola bilər, amma çox dəyişiklik edə bilməyəcəyik. Çünki bu, keyfiyyət itkisi olacaq. Ümid edirəm ki, sabah motivasiya sayəsində yaxşı oyun göstərə biləcəyik. Rəqibin oyunçuları yüksək səviyyəli liqalarda, 3 gündən bir oynayır. Şansımızın olacağına inanırıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43