Kateqoriyasız

Qurban Qurbanov: “Bəzən oyunun gözəlliyi son dəqiqə qollarıdır”

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” – “Olimpiako” (Yunanıstan) oyunundan əvvəl təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

– Rəqibə düzgün yanaşmalıyıq. Həddən artıq istəklidirlər. Bu oyuna son şans kimi baxırlar. Komandamda son günlər yorğunluq var idi. Amma inanıram ki, sabahkı oyuna tam hazır oalcaqlar. Oradakı oyun hesab olaraq çox yaxşı idi. Amma bu, bizi aldatmamalıdır. Xırda detalları futbolçulara çatdırmışıq. Orada səhvlərimiz də çox olmuşdu. Sonradan baxanda tam əmin oldum. Buna rəqib bizi məcbur edirdi. Yaxşı oynamalıyıq. Çalışacağıq ki, mübarizə aparaq və ən yaxşı oyunlarımızdan birini keçirək.

– Son oyunlarda komanda ilk hissəni heç-heçə bitirir, fasilədən sonra qollar vurur. Bunun səbəbi nədir?
– Xüsusi səbəb deyə bilmərəm. Ümumən, hər bir rəqib bizə ilk hissədə daha ciddi müqavimət göstərir. İkinci yarıda ola bilsin, oyun intizamını qoruya bilmirlər. “Qəbələ” ilə matçda çox çətinlik çəkdik. Futbolda rast gəldiyimiz hallardandır. Bəzən oyunun gözəlliyi son dəqiqə qollarıdır. Əvvəllər elə olurdu ki, ilk hissədə qollar vururduq. İkinci hissədə qol daha çox olanda daha inamlı oluruq. Bu, hazırlığın yüksək səviyyədə olduğunu göstərir. 90 dəqiqə nizam-intizamı qorumağa çalışırıq.

– Ramil Şeydayevin “Olimpiakos”a vurduğu qoldan sonra sevinciniz müzakirə olundu. Bu, məhz onun fərqlənməsi ilə bağlı idi, yoxsa artıq matçın telyinin həll olunduğunu düşünürdüz?
– Sırf Ramilin qolunun sevinci idi. Heç vaxt 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxatyın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə çox sevinirəm.

– Avropada ardıcıl 2 qələbə bizim üçün yaddır. Həyəcan, gərginlik varmı?
– Müəyyən səviyyəyə çatmaq asandır, orada qalmaq çətin. Qalibiyyətlərimiz gözlənti və tələbləri çoxaldır. Bu, gərginlik və həyəcan yaradır. Məğlub olmaqdan qorxmuruq. Hər matçda oyunumuzu yaxşılaşdırmalıyıq. Belədə, qalibiyyətlərimiz çox olacaq. Bizə inamı itirməməyə çalışırıq. Bu, asan deyil. Meydanda tək biz olmuruq, qarşı tərəf düşünmədiyimiz şeylər hazırlayır. Gərginlik olur. Son vaxtlar ümumiyyətlə bunlara alışmışıq. Biz yenə də işimizi davam etdiririk. Qələbə üçün ən yaxşısını etməyə çalışırıq. Azarkeşlərimizin inamını qazanmağa çalışırıq.

– Marko Veşoviçin adı Rusiya klubları ilə hallanır. Ona yeni müqavilə təklif edəcəksiz?
– Düzü, məlumatım yoxdur. Amma normal haldır. Çox oyunçumuza təkliflər olub. Veşoviçin bizimlə müqaviləmiz var. Yeni sözləşmələr qarşıdakı aylarda müzakirə olunacaq. Narahat olacaq bir şey yoxdur.

– Rəqib baş məşqçi Bakı səfərinin ağır olacağını deyib. Onlar üçün bunun ağır edən “Qarabağ”ın hansı üstün cəhətidir?
– Nə ilə bağlı dediyini bilmirəm. Son çempionat oyunundan sonrakı müsahibələrdində pozitiv fikirlər bildirirlər. Ola bilər səfərlə bağlı çətinlik görürlər. Bir açıqlama verə bilməyəcəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43