19 Sentyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Futbolçular çoxdandır ki, birlikdə hazırlaşmırdılar”

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq. Tam heyətlə deyildik. Zədəlilərimiz var idi. Yassin Benzia milli komandadan gec gəlmişdi. Əsas komanda ilə məşq etməmişdi. Futbolçular çoxdandır ki, birlikdə hazırlaşmırdılar. Bu da hiss olunurdu. Xeyli qol epizodumuz var idi. İstifadə edə bilmədik. Bunlar elə elementlərdir ki, aradan qaldırmaq rahatdır. Çünki futbolçularımızın ustalıqları var. Qarşımızda da çox yaxşı kollektiv var idi, yaxşı müdafiə olunurdu. Öz səhvimizdən qol buraxdıq. Rəqib buna məcbur etdi. Futbolçuılarıma təşəkkür edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Səbail” oyunu (2:1) sonrası deyib. O, daha sonra belə davam edib:

– Komanda üç cəbhədə mübarizə aparacaq. Fiziki cəhətdən çatdırmaq çətin olmayacaq?

– Ola bilər. Niyə? Çünki zədəli futbolçular olanda, böyük problemlər yaranır. Rotasiyalar etməyə imkanımız olmur. Allah qoysa, hamı sağlam olar. Belə ciddi problem görmürəm. Bu il ola bilər ki, daha çox güc sərf etməli olacağıq. Ölkə çempionatında da komandalar daha ciddi müqavimət göstərirlər, ciddi məqsəd qoyublar qarşılarına. Ümumi baxsaq, Avropa Liqasında oyun sayları eynidir. Yorğunluq olacaq. Milli komandaların da oyunları var. Limitlə bağlı yerli oyunçuya ehtiyacımız çox olur.

– Milli komandanın iki oyunu haqda AFFA İcraiyyə Komitəsinin üzvü olaraq nə deyə bilərsiz? Fernandu Santuşun komandasında inkişaf gözlənilir?

– Fikir bildirməmişəm, səbəbini də bilirsiz. Hər bir həmkarımıza hörmətlə yanaşmalıyıq. Əsasən də, Fernandu Santuşa. Böyük təcrübəsi, iş qabiliyyəti var. İki oyuna görə fikir bildirmək mənə çətin olardı. Nə qədər fikir bildirməsəm, daha yaxşı olar. Daha düzgün sayıram. Bu dəfə də fikir bildirməyəcəm. 

– Transferlər gözlənilir?

– Vaxtımız azdır. Danışıq apardığımız futbolçulardan pozitiv cavab almamışıq. Alınmamaq ehtimalı daha çoxdur.

– Redon Cicanın Avroliqanın sifariş ərizəsində olmaması nə ilə bağlıdır? Bu, onun gedəcəyinə işarədir?

– Yəqin ki, Avroliqada sistemdən xəbərdarsız. Legioner və əsas oyunçuların say məhdudiyyəti var. Ona əmək etməliyik. Siyahıya əlavə edə bilmərik artığını. Nəriman Axundzadə, Abbas Hüseynov, Musa Qurbanlı, Sadiq Məmmədzadəni siyahıdan çıxarsaq, onların əvəzinə oyunçu sala bilmərik. Bu o demək deyil ki, Cİcaya inanmırıq. Cica ola bilər bu gün rəqabətdə Juninyoya uduzur. Amma ümumən baxanda, Cica mənə lazımdır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43