Ölkə futbolu

“Qurban Qurbanov heç vaxt tribunaya oynamır” – Rəşad Sadıqov

“Qurban Qurbanov publika önündə çox danışmır, özünü ifadə etmir. Çox təəssüf edirəm ki, insanlar əsl Qurban Qurbanovu tanımırlar”.

İdmanxeber.az-ın məlumatına görə,bu sözləri yenicə karyerasını başa vuran “Qarabağ”ın üzvü Rəşad Sadıqov deyib.

Kapitan sözlərinə belə davam edib:

“O, məşqdə, paltardəyişmə otağında hamıya sərbəst hərəkət imkanı yaradır, amma futbolçular dərk edirlər ki, Qurban müəllim bossdur. Mənim kimi çətin adamı 10 il yanında oynatdı. Baş məşqçinin özünü futbolçulara həm insan, həm də məşqçi kimi qəbul etdirməsi çətin məsələdir. Ondan çox şey öyrəndim. Gələcəkdə məşqçi kimi Qurban Qurbanovun yetirməsi olaraq tanınmaq istəyirəm”.

İTV-də yayımlanan “Bol idman” verilişinin qonağı olan Sadıqov Qurbanovla bağlı danışarkən onun ölkə futboluna futbolçuları necə qazandırmasına toxunub:

“Bəli, Maksim Medvedevlə Rauf Əliyevi ilk dəfə Rasim Kara oynadıb. Amma o vaxt “Qarabağ” 5-6-cı yer üçün mübarizə aparırdı. Qurban Qurbanov isə onları avrokuboklarda meydana buraxdı. Əfran Ismayılov 4-5 ay ərzində “Turan”da 10 matç keçirmişdi, Qurban müəllim onu “Honka”ya qarşı start heyətinə saldı. Deyirlər, Qurbanov risk etməyi sevmir. Mən heç vaxt avrokukuboklarda 5-6 gənc futbolçunu meydana buraxmazdım. Qurbanov isə bu riski məşqçilik karyerasının ilk illərində etdi. O, risk edir, amma ağılla. Məsələn, heç vaxt oyuna 3 hücumçuyla başlamaz və ya 90-cı dəqiqədə meydana ikinci forvardı buraxmaz. Bu, tribunaya oynamaqdır. Qurban Qurbanov heç vaxt tribunaya oynamır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43