16 Sentyabr 2024
Ölkə futbolu

“Rəşad Sadıqovla söhbət etdik, məsləhətlərini verdi və fikrimi qətiləşdirdim”

“Özümü məşqçiliyə tam hazır hiss edirəm. Elə onun üçün də kurslara başladım. Uzun illərdi futboldayam. Oyunçu vaxtlarımdan məşqçilik mənə maraqlı gəlirdi. Hələ ki, öyrənmə mərhələsindəyəm. Çətinlik hər işdə var, eləcə də məşqçilikdə. İnşallah imtahanları uğurla verib fəaliyyətə tam başlamaq niyyətindəyəm”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə” klubunun akademiyasında məşqçiliyə başlayacaq millimizin sabiq üzvü Ağabala Ramazanov deyib. O, qarşıdakı hədəflərindən də söz açıb:

“Əlbəttə mənim də öz məqsədlərim var. Bu sahədə nə bacaracağımı zaman göstərəcək. Hələ ki, işə akademiyadan başlamaq niyyətindəyəm. Gələcəkdə əsas komandalarda da işləməyi çox istəyərəm.

“Zirə”də çalışmaya qərar vermədən öncə Rəşad Sadıqovla da söhbət etdim. Onunla həm futbolçu kimi komanda yoldaşı olmuşam, həm də baş məşqçim olub. Onun rəhbərliyi altında bir neçə il kapitanlıq sarğısını daşımışam. Söhbət etdik, öz məsləhətlərini verdi və fikrimi daha da qətiləşdirdim”.

Ramazanov millimizin qarşıdakı İsveç və Slovakiya oyunlarıyla bağlı da danışıb:

“Çətin olacaq, amma məncə oynamaq mümkündür. Yeni baş məşqçinin rəhbərliyi altında ilk görüşlərdi. Ümid edirəm uğurlu nəticə qazanıb xalqımızı sevindirərlər”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43