İdman

“Ramilin artıq yaxşı praktikası var” – Rəşad Sadıqov

“Bizim üçün qələbə qazanmaq vacib idi. Bunu da bacardıq. Gəncədəki oyunlar hər zaman ağır keçir. “Kəpəz” istər iddialı olsun, istərsə də turnir cədvəlində sonuncu pillədə olsun. Bu da gərgin matçlarımızdan biri idi. Yaxşı oyun keçdi. Oyuna, topa nəzarət edirdik, amma rəqibin standart vəziyyətlərində çətinlik yaşayırdıq. Bu qələbə münasibəti ilə həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer liqasının 23-cü turunda səfərdə “Kəpəz”i məğlub etdikləri matçdan(1:0) sonra jurnalistlərə açıqlamasında deyib.

35 yaşlı müdafiəçi çempionluq yarışında sona qədər mübarizə aparmalı olduqlarını söyləyib: “Qəbələ”dən öndə olsaq da, sona qədər mübarizə aparmalıyıq. Arxayınlaşmaq olmaz. Çünki sonra nəyisə toparlamaq çətin olur. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun”.

O, “Kəpəz”in standart vəziyyətlərdə üstün olduğunu bildirib:  “İlk qoldan sonra bir balaca oyunumuzu itirdik. Ancaq ikinci hissədə yenidən oyuna nəzarət etdik. Standart vəziyyətlər “Kəpəz”in ən üstün cəhətlərindən biri olub. Heyətlərində başla yaxşı oynayan futbolçular var. Bu da bizim zəif cəhətlərimizdən biridir”.

R. Sadıqov sonda komandanın qələbə, özünün isə “Qarabağ”da ilk qolunu vuran Ramil Şeydayev haqda da danışıb: “Ramilin qol vurması bizim üçün sevindirici haldır. Ötən tur da yaxşı oynamışdı. Sevindirici hal budur ki, düşdüyü vəziyyətdən məyus olmur, sona qədər mübarizə aparır. Artıq yaxşı praktikası var. İstər U-21-də, istərsə əvəzedicilərdə olsun. Artıq əsas heyətdə hər həftə oynayır. Tənbəllik etmir. Lazım olsa,  əvəzedicilərdə də oynayır. Sonda da bu gün bəhrəsin gördü”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43