Kateqoriyasız

“Rəvan”ın kapitanı polis tərəfindən saxlanıldı

Azərbaycanda daha bir idmançı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. 

İdmanxeber.com-un məlumatına görə, söhbət “Rəvan”ın kapitanı Ramazan Abbasovdan gedir.

Amma təcrübəli yarımmüdafiəçinin özü həmin idarəyə deyil, Dövlət Yol Polisi tərəfindən saxlanıldığını bildirib. O, elə qəzetə açıqlamasında çoxlu sayda ödənilməyən cərimələrini səbəb göstərib: “Mənim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nə işim var? Sadəcə, fevralın 18-də Dövlət Yol Polisinin əməkdaşları avtomobilimi cərimə meydançasına aparıblar. Səbəb çoxlu sayda ödənilməyən cərimələr olub. Axşam saatlarında ordan-burdan pul tapıb cərimələri ödədikdən sonra maşını geri qaytardım. Cərimələrdən xəbərsiz olduğumdan, ödəməli olduğum məbləğ çox idi. Buna görə maşınım axtarışa verilmişdi”.

Abbasov cərimələri qeydiyyatda olduğu və yaşadığı ünvanların fərqli olması ilə əlaqədar cərimələrdən xəbər tuta bilmədiyini əlavə edib. Onun sözlərinə görə, cərimələrlə bağlı məktubları Dövlət Yol Polisi qeydiyyatda olduğu ünvana göndərib: “Mənimsə bundan xəbərim olmayıb. Bilsəydim, vaxtında ödəyərdim”.

Qeyd edək ki, Ramazan Abbasovun çıxış etdiyi “Rəvan”da bir müddətdir əmək haqqı ödənişi ilə bağlı problemlər var.    

“Futbol+”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43