Ölkə futbolu

“Səcdəyə getmişdim, başımı qaldıranda gördüm ki…” – Şəhriyar Əliyev

“Oyuna yaxşı hazırlaşmışdıq. İlk görüşdə də, cavab matçında da layiqli mübarizə apardıq. Kifayət qədər epizodlarımız var idi. İki sıfırdan sonra rahatlıq olmasaydı, hesab daha böyük olardı. Futbol arxayınlığı sevmir. “Kəpəz” hesabı bərabərlişdirdikdən sonra oyuna qayıtdı. Ancaq çox şükür ki, mərhələni keçən tərəf biz olduq”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz” un kapitanı Şəhriyar Əliyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Kəpəz” görüşü barədə danışarkən deyib.

29 yaşlı futbolçu qarşılaşmanın sonlarında futbolçuların arasında yaşanan mübahisədən də söz açıb:

“Oyunun sonlarında qapıçızım istədi ki, topu saxlasın rəqib gələndə əlinə götürsün. O da arxadan qapıçımızı vurdu. Hətta oyun başa çatdı, hamı bir-birini təbrik edirdi. Həmin vaxtı da qələbə səcdəsinə getmişdim. Başımı qaldıranda gördüm ki, aləm bir-birinə dəyib. Kim kimə gəldi vururdu. Bəzi oyunçular aralaşdırmağa çalışırdılar. Azarkeşlər də çılqınca reaksiya verdikləri üçün durum daha da böyüdü. Ancaq qətiyyən belə bir şey gözləmirdim. Əslində o vaxtı “Neftçi” – “Xəzər Lənkəran” matçında daha böyük davalar olurdu.  Bizdə isə elə də böyük deyildi”.

Əliyev daha sonra matçın sonlarında “Kəpəz”in futbolçularının penalti istəmələrini belə şərh edib:

“Görüşün sonlarında rəqib təzyiqi artırdı. Bu da gözlənilən idi. Mərhələni keçmək üçün onlar da əllərindən gələni etməliydilər. Penalti epizoduna gəlincə, orada top “Kəpəz”li futbolçunun əlindən gəlmişdi. Heç o barədə danışan yoxdur. Amma top onun qoluna dəyməsəydi, mən uzaqlaşdıra bilərdim. Yenə də həmin epizoda penalti deyirlər. Halbuki müdafiəçi nə etməlidir? Topu mütləq uzaqlaşdrımaq lazım idi. Rəqibin futbolçusu da görünürdü ki, sırf penalti üçün gedirdi. Heç topa çatmırdı, Sadiq onu uzaqlaşdırmışdı. Hakim VAR-a baxanda mən də yaxında idim. Sırf penalti epizoduna baxılırdı. Heç əvvəlki epizod göstərilmirdi”.

Təcrübəli futbolçu yarımfinaldakı qarşılaşacaqları “Neftçi” ilə görüşələrə də toxunub:

“Neftçi” layiqli qələbə qazandı. Onlarla oyun çox çətin keçəcək. Qışda daha da güclənə bilərlər. Nəzərə alaq ki, rəqibin büdcəsi də buna imkan verir. İstədikləri futbolçunu gətirə bilirlər. Məncə, Premyer Liqada çempionluq şanslarını da itiriblər. Mütləq kuboku qazanmaq istəyəcəklər. Ancaq biz də final oynamaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43