Kateqoriyasız

Şahin Diniyev: “O, əsl kişilik göstərdi”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Avropa Liqasında Moldova “Daçiya”sına səfərdə 1:0 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra mətbuat konfransı keçirib. 50 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb…

– Yaxşı oyun keçdi. Taktiki cəhətdən intizamlı çıxış etdik. Rəqib bizi təzyiq altında saxladı. Mərhələni kim keçsəydi, o buna layiq idi. Futbolçularıma təşəkkür edirəm. Uzun yol, isti hava oyunumuza çox təsir etdi. Tezliklə 50 yaşım olacaq. Fikrimcə, bu, yubileyimə ən yaxşı hədiyyə olacaq.

– Növbəti mərhələdə rəqibiniz Avstriyanın “Admira Vakker” komandası olacaq…

– İştah diş altındadır. Məncə, bu gün “Kəpəz” tarix yazdı. Bunun davamını gətirməyə çalışacağıq. Gücümüz “Admira”dan azdır. Bunu etiraf edirik. Amma şanslarımızdan maksimum yararlanmalıyıq.

– “Daçiya” sizi nə iləsə təəccübləndirdi?

– Bu gün rəqib mərhələyə keçməyə layiq idi. Futbolçular topla yaxşı rəftar və hərəkət edirdilər. İlk oyundan sonra “Daçiya”nın taktikasını öyrənmişdik. Müdafiədə və mərkəzdə kompakt oynamaqla, əks-hücumlara bel bağladıq ki, bunun da sayəsində qələbə qazandıq. “Daçiya” yaxşı komandadır. Onlara uğurlar arzulayıram. Adlan Şişxanova da təşəkkür edirəm. O, əsl kişilik göstərdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43