Kateqoriyasız

Şahin Diniyev: “Qarabağ”a uduzmaq ayıb deyil”

“Deməzdim ki, xüsusi hazırlıq planı ilə hazırlaşırıq, adi təqvim oyunudur. Bununla belə, bizi çətin imtahan gözləyir. “Qarabağ” həm heyət, həm oyunçuların səviyyəsi, həm də baş məşqçi baxımından güclüdür. Bunların hamısı vəhdət təşkil edərək ortaya yaxşı komanda çıxarıb”

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 21-ci turunda qarşılaşacaqları “Qarabağ”la oyun haqda danışarkən deyib.

Diniyev “Qarabağ”la matçın komandası üçün çətin olacağını bildirib: “Ağdam klubuna qarşı əvvəlki iki görüşdə uduzmağımızı uğursuzluq kimi qəbul etmək istəmirəm. “Qarabağ”a uduzmaq ayıb deyil. Onlara qarşı layiqli mübarizə aparmaq, yaxşı futbol sərgiləmək vacibdir. Proqnoz verməyi xoşlamıram. Bizi çempionatda ən ağır, ən çətin oyun gözləyir.

Düzdür, bütün görüşlər çətindir, amma qarşıdakı oyun ikiqat ağır olacaq. Birincisi, evdə azarkeşlərimiz önündə oynayacağıq, ikincisi isə ardıcıl iki qələbədən sonra bizdən böyük şeylər gözlənilir. Bu da başa düşüləndir. Bir şeyi unutmayaq ki, nəinki Azərbaycanda, hətta Avropada top klublardan birinə qarşı oynayacağıq. Uğurlu nəticə üçün çalışacağıq, amma buna nə qədər nail ola biləcəyimizi oyun göstərəcək. Azarkeşlər üçün maraqlı matç olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43