İdman

Şahin Diniyev qışda göndərmək istədiyi futbolçular haqda: “Onları komandaya götürəndə güvənmişdim” – MÜSAHİBƏ

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev İdmanxeber.com saytına müsahibə verib. Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində səfərdə “Qəbələ” üzərində qazanılan Qələbədən danışıb.

– Şahin müəllim, nəhayət ki, tilsimi qırdınız…

– Bəli, elədiki var. Şükürlər olsun ki, 6 həftədi, gözlədiyimiz məqam yetişdi. Hər rəqibi özünə uyğun şəkildə analiz edirik. “Qəbələ” də çempionluğa oynayan bir komandadı. Çalışdıq ki, rəqibin zəif nöqtələrini düzgün təhlil edək və deyəsən bu bizdə alındı (gülür) Oyuna çox ciddi şəkildə hazırlaşmışdıq. Bizim üçün geri dönüş yox idi.

– Bu görüşdə də qələbə qazana bilməsəydiniz, nə olacaqdı?

– Bu görüşdə də qələbə qazana bilməsəydik, I Dövrəni qələbəsiz başa vurmuş olacaqdıq. Bu isə bizə yaraşmır. Heç indiki mövqe də bizim yerimiz deyil. Əvvəlki söhbətlərə çox da qayıtmaq istəməzdim. Bizim büdcəmiz çox deyil, əla heyət qura bilmirik. I Divizionda çıxış edən futbolçularla güclənə bilmişik. Nəsə yaratmağa çalışırıq. Əgər bu dəfə də uduzaydıq, artıq bilirdim nə edəcəyimi. Çox ciddi qərarlar alacaqdım, buna əmin ola bilərsiz. Rəhbərliklə müəyyən məsələlərdə məsləhətləşəcəkdim. Ancaq şükürlər olsun ki, bunların heç birinə ehtiyac qalmadı. Uşaqların sərgilədiyi futbol ürəyimi açdı. Artıq qəlbimdə ümid qığılcımı var ki, biz nəsə edə bilərik. Futbolçularım nəyisə bacara bilər.

– Görüşdən əvvəl uşaqlara xüsusi tapşırığınız nə olmuşdu?

– Onlara dedim ki, turnir cədvəlinə baxın, görün bizdən aşağıda komanda varmı? Xüsusi ilə vurğuladım ki, Gəncəyə 1 xalla dönə bilmərik. Başqa şansımız yoxdu. Çalışdım ki, futbolçularım yaxşı oyun göstərsinlər, onları motivasiya edim. Amma bu heçnə demək deyil. O demək deyil ki, biz “Qəbələ”ni udmuşuqsa, vəziyyət düzəldi. Özünüz də gördüz ki, bunlar hamısı yavaş-yavaş oldu. Əvvəlcə “İnter”lə görüşdə yaxşı oyun. “Qarabağ”la matçın ikinci issəsindəki çıxışımız. Nəhayət, “Qəbələ” üzərində Qələbə. “Səbail”lə oyun sadəcə təsadüf idi. 

– “Qəbələ” ilə oyunun fasiləsinə yaxın  Dialo Sambanın əlinə qol vurmaq üçün əla fürsət düşsə də, Malili futbolçu qapıya bərbad zərbə vurdu. Belə epizod ikinci hissədə yaranmaya da bilərdi. Ümumiyyətlə legionerlərin çıxışı sizi qane edirmi?

– Düzdü, o vəziyyətdə qol vurmaq mütləq idi. Ancaq sizəd eyim ki, dünənki oyunun ən yaxşılarından biri Samba oldu. Qapıya endirilən zərbələrin bir çoxu Samba ilə bağlı oldu. Ya özü vurdu, ya da komanda yoldaşlarına şərait yaratdı. Eləcə də, Dedimar Fereyranın oyunundan razı qaldım. Siz Sambanı vurğulayırsız, Samba kimi futbolçular komanda ilə irəli gedib, “artırır”. “Kəpəz” irəli getdikcə, Dialo da öz oyununu tapacaq, buna əmin olun.

– Ümidinizi boşa çıxaran futbolçular var?

– Əlbəttə ki, hər komandada belə futbolçular olur. Bu tək mənim komandamda belə deyil. Mən onları komandaya götürəndə çox güvənmişdim, ancaq ümidləri doğrultmadılar. Qışa qədər belə davam etsə, göndəriləcəklər. Təbii ki, öz üzərilərinə düşün işin öhtəsindən gələrlərsə, razı qalaram. Ancaq köhnə söhbətlərə çox da qayıtmaq istəmirəm. Bizim elə bir büdcəmiz yoxdu ki, istədiyimiz formada hərəkət edək, lazımı oyunçuları alaq, sataq. 

– Dəyişilməz qapıçınız Davud Kəriminin oyunu sizi razı salır?

– 7 oyuna 11 qol buraxan qapıçı haqda superdi, deyə bilmərəm. Stabil çıxış etmir. Lazımdı ki, öz üzərində daha yaxşı işləsin. Mən Davuda inanıram.

– Hansı mövqeyə futbolçu almaq istərdiz?

– Hər mövqeyə.

– “Qəbələ” ilə oyuna görə futbolçulara mükafat (premya) veriləcək?

– Bu haqda düşünmürük. Bizə lazımdı ki, düşdüyümüz çətin vəziyyətdən çıxaq. Ancaq mənə elə gəlir, rəhbərlik bu barədə düşünəcək. Ən azından futbolçuların həvəslərini daha da artırmaq üçün.


Hidayət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43