İdman

Samir Əliyev: “Qarşımıza hədəf qoyulmayıbsa, o demək deyil ki, çıxıb uduzmalıyıq”

Azərbaycan Premyer Liqasının 4-cü turundan təxirə salınmış oyunda evdə “Qarabağ”a uduzan (0:2) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
İdmanxeber.com-un məlumatına görə, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:  
 
Pis oynamadıq. Qol vəziyyətləri də yaratdıq, lakin istifadə edə bilmədik. Rəqibin səviyyəsi göz qabağında idi.
 
Oyunun gedişində, elə təəssürat yarandı ki, sanki siz meydanda olsaz, bu fürsətləri daha yaxşı dəyərləndirə bilərdiz…
Meydanda mən yox idim. Əlimizdə olan futbolçular isə bunlardı. İrəli baxmalıyıq. Çalışacağıq ki, öz üzərimizdə daha çox işləyək. Heyəti gücləndirmək istəyirik. Bir neçə futbolçunu diqqət mərkəzində saxlamışıq. 
 
Bu gün Nurlan Novruzovu əvəzlədiz, keçən oyunda isə Amit Quluzadəni əvəzləmişdiz. Demək olar ki, bu oyunçular artıq “qara siyahı”ya düşüb?
Oyunçular məndən onlara şans verməyimi istəyirlər. Mən də şans verirəm. O ki qaldı onları əvəzləməyimə, zəif oynayırlar ki, əvəzləyirəm.
 
“Səbail”in əsas məsədi milli komandalar üçün oyunçu yetişdirməkdi. Komandanın qarşısına konkret vəzifə qoyulmayıb. Bu, komandanı əlavə təzyiqdən azad etmir ki?
Xeyr. Qarşımıza hədəf qoyulmayıbsa, o demək deyil ki, çıxıb uduzmalıyıq. Çalışırıq ki, öz oyunumuzu daim inkişaf etdirək. Əlimizdə olan istedadlı oyunçulardan yaxşı istifadə edək. Komandaya yeni, istedadlı oyunçular cəlb etmək də istəyirik. 
 
Sistemə görə oyunçu axtarırsız, yoxsa oyunçuları öz sisteminizə uyğunlaşdırmağa çalışırsız?
Sistemimizi dəyişməyi planlaşdırırıq. Qarşıda ölkə kubokunda iki oyunumuz var. Bu sahədə işlərə kubok oyunlarından sonra başlayacağıq. Təxminən 15-20 gün vaxtımız olacaq. Bu vaxt ərzində yeni sistemi sınaqdan keçirəcəyik. Yəqin ki, 3-cü dövrədə fərqli oyun sistemindən istifadə edəcəyik.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43