Ölkə futbolu

Samir Abasov: “Neftçi” nə qazanıbsa, mənim vaxtımda qazanıb”

“Bizim qalibiyyətin açarı azarkeşlər idi. Şəhər göstərdi ki, lazım olan məqamda komandaya necə dəstək olmaq lazımdır. Sumqayıt futbol şəhəridir. Futbolçularıma təşəkkürümü bildirirəm. Mövsüm bitdi, artıq biz də dincələrik. Ruh olaraq möhkəmləndik. Bu mövsüm bizim üçün gözəl təcrübə oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Qəbələ” qələbəsi (1:0) barədə danışarkən deyib. O, daha sonra “kimyaçılar”ın avrokubok şanslarını dəyərləndirib:

“İlin əvvəlində avrokubokları qarşımıza prioritet qoymamışdıq. Oyunumuzla bu yeri tutduq. Konfrans Liqasına da təcrübə kimi baxacağıq. Əlimizdən gələni edəcəyik. Yeni komandayıq. Heyət baxımından problemlərimiz var. Bunu bir ayda həll etmək mümkün deyil. Yeni oyunçular gətirmək üçün vaxtımız azdır. Heç bir legioner futbolçu Azərbaycanı prioritet saymır. 5-6 minlik oyunçular 10 min tələb edir. Konfrans Liqasının dadını çıxaracağıq”.

Abasov sabiq klubu “Neftçi”nin avrokuboklardan kənar qalması barədə verilən suala belə cavab verib:

 “Neftçi” nə qazanıbsa, mənim vaxtımda qazanıb. Orada görülən yaxşı işlər var. Təzə rəhbərlik gəlib. Etmək istədikləri layihələrdən xəbərim var. Orada dostlarım çoxdur. Daha yaxşı, daha güclü “Neftçi” olacaq. Bunu əminliklə deyirəm. İstəyərdim ki, onlar da avrokuboklara getsinlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43