Müsahibə

Səlahət Ağayev: “Məğlubiyyəti faciə saymazdım” (MÜSAHİBƏ)

“İnter”in kapitanı Səlahət Ağayevin “Qarabağ”la matçdan sonra İdmanxeber.com--a müsahibəsi:
 
– İlk olaraq, dünən baş vermiş qəzada həlak olanlara Allahdan rəhmət eləsin deyib, yaxınlarına səbr diləyirəm. O ki, qaldı matç haqqında, “Qarabağ”ın gücü hamıya bəllidi. Bu vəziyyətdə onlarla, başabaş mübarizə apardıq. Məğlubiyyəti faciə saymazdım. 
 
– Bu gün bir neçə epizodda səhvə yol verdin…
– Hər oyunda var gücümüzü qoymağa çalışırıq. Bəzən səhvlər də olur. 
 
– Hazırda ölkədə ən yaxşı qapıçılardan birisən. Bu qədər problemlərin qarşılığında hələ ki, “İnter”dən ayrılmırsan. Ümumiyyətlə, “İnter”i tərk etmək fikrin varmı?
– Yayda təkliflər var idi. Böyük futbola “İnter”də başlamışam. Bu klubun yaxşı günlərində çıxış etmişəm. Hər komandanın belə vaxtları da olur. “İnter”i pis vəziyyətdə qoyub getmək istəmirəm. 
 
– UEFA-nın “İnter” haqqında araşdırmalara başlayacaq. Bu haqda nə deyə bilərsən?
– Bilirəm, xəbərim var. Mətbuatdan oxumuşam. Gözləyirik. 
 
– Rəhbərlik tərəfindən sizə gələcəklə bağlı nə vəd olunub?
– Deyilənə görə, bütün problemlər həll olunmalıdı.
 
– Bu qədər problemlərin qabağında “İnter” iddiasından əl çəkmir…
– “İnter”də elə sxem qurulub ki, pul oldu-olmadı, kimin meydançaya çıxmasından asılı olmayaraq, həmişə iddialı olur. 
 
– Matçlara necə motivasiya olursunuz?
– Əvvəlki illərə baxanda maliyəmiz çox aşağıdı. Yalnız əməkhaqqı alırıq. Məşqçilər korpusu, futbolçular bir də texniki işçilərdi, komandaya dayaq duran yoxdu.
 
– Yanvarda yaxşı təklif olsa komandadan ayrılacaqsan?
– Təklif olsa, baxarıq. Birinci “İnter”, sonra başqa klub.
 
– Yayda “İnter”in vəziyyəti daha da acınacaqlı idi. İndi isə qış fasiləsinə az qalıb və komanda turnir cədvəlində ilk 4lükdədi. Bu nəticəni gözləyirdinizmi, yoxsa daha artığını əldə etmisiniz?
– Məncə, indiki durumda nəticələrimizi yaxşı saymaq olar. 
 
– Kapitan kimi əvvələr meydançada futbolçularla danışırdın, onlara iradlarını bildiridin. Lakin indi biz bunu meydanda görümürük. Ümumiyyətlə, son vaxtlar çox pessimist görünürsən, elə indi də həmçinin…
– Yox bu gün məğlub olmuşuq, ona görədi. Məndən irəlidə müdafiəçilərdi, sözümü ancaq onlara çatdıra bilirəm. Həmin futbolçuların da azı 35 yaşı var. Onlara qışqırmaq, yüksək tonla nəsə deməyim düzgün deyil. Bu mənim xarakterimdə yoxdu. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43