Ölkə futbolu

Seriya qırıldı

“Rəvan” Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Qəbələ” ilə üz-üzə gəldi. “Bayıl Arena”da baş tutan turun açılış görüşündə “sarı qırmızılar” məğlubiyyətsizlik seriyasını davam etdirə bilmədi.

Oyunun əvvəli komandaların meydanın mərkəzində dominantlığını sübuta yetirməyə cəhd göstərməsi ilə yadda qaldı. Mübarizə əsasən mərkəzdə getdiyindən qapılar qarşısında təhlükəli vəziyyət yaranmırdı. Amma tədricən üstünlüyü ələ alan “Rəvan” 19-cu dəqiqədə qola yaxın oldu. Ancaq künc zərbəsindən asmadan sonra İvan Pexanın başla zərbəsi tirin azacıq üstündən keçdi. Elə növbəti hücumda Rəşad Abdullayev müdafiəçidən sıyrılıb zərbə vursa da, rəqib qapıçı sayıq davrandı. Hissənin ortalarından “Qəbələ” də təhlükəli vəziyyətlər yaratmağa başladı. 25-ci dəqiqədə Nizami Hacıyevin vuruşunu Lukaş Sapela kornerə çıxardı. Künc zərbəsindən sonra isə hesab açıldı: Yannik Kamanan bir toxunuşla topu yaxın küncə göndərdi. Bir qədər sonra Daniel Subotiçin zərbəsindən sonra top dirəyə dəydi. Hissənin sonlarına doğru “Rəvan” yenidən fəallaşdı. Əvvəlcə 41-ci dəqiqədə Miloş Adamoviçin uzaqdan vuruşunu qapıçı tutdu. Ardından ilk hissənin son hücumunda Rəşad Abdullayevin cərimə zərbəsindən vuruşundan sonra Mişel Balokoq topun istiqamətini dəyişsə də, David Pietrzkeviç sayıq davrandı.

Fasilədən sonra hesabda geridə olan “Rəvan” daha səylə və həvəslə hücum qururdu. İkinci yarının ilk 15 dəqiqəsində 3 təhlükə yarada bildilər. Amma Novruz Məmmədovun topu düzgün qəbul edə bilməməsi, Rəşad Abdullayevin yaxın küncə ünvanladığı zərbənin qapıçıya tuş gəlməsi, Xuan Manuel Vareanın isə topu tirin üstündən vurması “Aslanlar”ın qol arzularını puç etdi. “Qəbələ” isə hesaba görə oynayaraq əks-hücumlara bel bağlayırdı. Belə epizodların birində Kamanan – Assis kombinasiyası yaddaqalan olsa da, “Rəvan” müdafiəsi son anda təhlükəni sovuşdurdu. Oyunun sonlarına doğru ev sahibi komanda təzyiqi artırsa da, bərabərlik qolunu vura bilmədi. Nə Varea, nə də Rəşad ələ düşən fürsətlərdən yararlana bildi.

Belədə “Rəvan”ın evdəki məğlubiyyətsizlik seriyası qırıldı. 

Rəvan – Qəbələ 0:1 (0:1)

Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 6. Ceyhun Cavadov (11. Kamil Nurəhmədov, 78), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k) (9. Elnur Abdulov, 77), 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov(33. Sohib Savankulov, 57), 27. Rəşad Abdullayev, 38. İvan Pexa, 40. Mişel Balokoq.

Qəbələ: 27. David Pietrzkeviç, 6. Volodimir Levin (k), 8. Nizami Hacıyev, 10. Luis HilarioDodo, 11. Yannik Kamanan(19. Abdulvahid Afolabi, 73), 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 22. Assis Rodriqes (3. Nikola Valentiç,81), 31. Daniel Subotiç (9. Viktor Mendi, 87), 36. Elnur Allahverdiyev, 88. Müşfiq Teymurov.

Sarı vərəqələr:İvan Pexa, 14 (qeyri-idman hərəkəti); Rəşad Abdullayev, 69 (qeyri-idman hərəkəti); 85 (qeyri-idman hərəkəti) // Yannik Kamanan, 70 (qeyri-idman hərəkəti).

Qırmızı vərəqə: Rəşad Abdullayev, 85.

Baş hakim: Vüsal Əliyev.

Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Nahid Əliyev.

Dördüncü hakim: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Kərim Ağayev.

29 noyabr 2013. Saat 19:00. Bayıl Arena stadionu. 250 tamaşaçı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43