Premyer Liqa

“Simurq” “İnter”lə oyunun hazırlıqlarına start verdi

Topaz Premyer Liqasının IV turunda “Şəfa” stadionunda “Bakı”ya məğlub olan komandamız, bu görüşü unudaraq, növbəti oyunun hazırlıqlarına start verib. 

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, “Simurq” bir günlük istirahətdən sonra “Bayıl Arena”da bu gün ilk məşqinə çıxıb. İki saata yaxın davam edən hazırlıq prosesində baş məşqçi Georgi Çixradze yetirmələrini iki qruppaya bölüb. Paytaxt təmsilçisi ilə görüşdə forma geyinmiş futbolçular komandadan ayrı çalışıb. Onlar yüngül məsafəli qaçış və isinmə hərəkətlərindən sonra məşqi tamamlayıb. Digər qrup isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında tapşşırıqları yerinə yetirdikdən sonra, məşqin taktiki təmrinlərdən ibarət hissəsinə keçiblər. Baş məşqçi Georgi Çixradzenin nəzarəti altında künçlərdən asmalar və onların qapanması yerinə yetirilib. Sonda isə kiçik qapılarda ikitərəfli oyunla bu günlük hazırlıq tamamlanıb.

Qeyd edək ki, Zaqatala şəhər stadionunun yenidənqurma işlərinin hələdə tamamlanmadığından komandamız oyunlara hazırlığı Bakıda keçirir. Sabahda “sarı-qaralar” növbəti məşqinə çıxacaq. “Simurq” yeni ayın ilk günündə Topaz Premyer Liqasının V turu çərçivəsində “Şəfa” stadionunda “İnter”in qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43