Ölkə futbolu

“Tovuzdakı oyun 60-cı dəqiqədə dayanmalı idi” – “Araz Naxçıvan”ın futbolçusu

“Araz Naxçıvan”ın futbolçusu Turan Manafov İdmanxeber.az saytına müsahibə verib. O, Tovuzdakı matçda yaşananlar və mövsümün ilk yarısının özləri üçün necə keçdiyini şərh edib.

.– Tovuzda 2 gün davan edən matçda məğlub oldunuz. Oyunu necə şərh edirsən?

Bizim üçün hər şey çox bərbad oldu. Həyatımda ilk dəfə idi ki, belə bir şey gördüm. Söhbət təkcə işıq dirəyinin aşmasından, oyunun növbəti günə qalmasından getmir. Rəqibin vurduğu birinci qolda oyundan kənar vəziyyət var idi. Oyun zamanı bütün komanda olaraq epizodun ofsayd olduğunu düşündük. Bunu necə görmədilər, bilmirəm. Qol ləğv edilsəydi, “Turan Tovuz” belə etiraz etməzdi. Xəttin əyri çəkilməsi və qolun qeydə alınması bizi həvəsdən saldı. 

– Matçın ikinci hissəsində “Turan Tovuz”la yox, sanki küləylə mübarizə apardınız…

Əlbəttə, elə idi. O küləydə futbol oynamağımız normal deyil. Mən neçə illərdir Bakıda yaşayıram, heç orada belə küləy görməmişdim. Dəhşət idi. Topu irəli vururuq, özümüzə qayıdır. Belə havada oynamaq nə məcburdu? Oyun 60-cı dəqiqədə dayanmalı idi. Həmin vaxtda belə işıq dirəylərinin necə yelləndiyi görülürdü. Bayraqlar az qala cırılıb yerindən çıxa. Meydanın içində toz, yarpaq hər şey var idi. Görüşün 10 dəqiqəsini ikinci günə saxladılar. Bu da heç bir önəm daşımırdı. Halbuki 60-cı dəqiqədə oyunu saxlayıb, gerisini bir gün sonra oynamaq olardı. Həmin gün hər şey oldu ki, öz oyunumuzu göstərə bilməyək.

– İşıq dirəyi aşdığı zaman meydanın içində idin. Nə hiss etdin həmin an?

Təbii ki, heç yaxşı olmadı. Bütün peşəkar klubların stadionlarında belə işıq dirəyləri olur. Amma indiyə qədər hansınınsa aşdığını görməmişdim. Bakıda küləyli havada çox oynamışıq. Ancaq heç bir dirək aşmayıb. Həmin an meydanın içində idim. Bir də gördüm ki, “Turan Tovuz”un futbolçuları kənara qaçır. Oyun da dayanmışdı. Elə bildim, hakim fiti verib görüş davam edir. Ancaq sonra dirəyin yıxıldığını gördüm. Yaxşı ki, orada heç kim olmadı. Əgər kimsə olsaydı, dəhşət olardı. Ümid edək bir daha belə hal yaşanmaz. Bu işi görənlər daha peşəkarca yanaşmalıdır.

– Artıq ilk dövrə sona çatdı. Turnir cədvəlində hazırkı mövqeyinizi necə dəyərləndirirsən?

Yerimiz pis deyil. Üçüncü sıradakı ilə aramızda 2 xal fərq var. “Səbail”lə eyni xalları bölüşürük. Bundan daha yaxşını etmək olardı. Amma yenə də yaxşıdır. Bizdən irəlidə olanlardan çox geridə deyilik. Bir-iki oyun qələbə qazanmaqla yüksəlmək olar. Bir ara eniş yaşadıq. Ancaq iki oyun qələbə qazanmaqla ikinci pilləyə belə gəlmək şansımız vardı. “Zirə” ilə 6-7 xal fərqimiz var idi, onu da bağladıq. Çempionat uzundu. Mövqeyimiz normadı. Fasilədən sonra daha yaxşısını etməliyik.

– Mövsümün sürpriz komandasısınız. Çempionatın ikinci yarısında da bunu davam etdirə biləcəksiniz?

Açığı, çıxışımıza sürpriz deməzdim. Çünki burada bütün komandanın əziyyəti var. Çox çətinliklərlə davam edirik. İkinci yarıda bundan da yaxşısını edəcəyik. Bəzi yerlərdə çatışmazlıq olur. Amma onları aradan qaldırmağa çalışacağıq. Bütün nəticələr hamısı sürpriz ola bilməz. Hə, ola bilər ki, I Liqadan gələn bir klubdan bu nəticələr gözlənmirdi. Amma əziyyət çəkəndə hər şeyi etmək mümkündür.

– Qarşıdan trasfer pəncərəsi gəlir. Digər klublardan səninlə maraqlanan, təklif göndərən var?

Bu barədə danışa bilmərəm. Çünki rəsmi heç nə yoxdur. “Araz Naxçıvan”la yaya qədər müqaviləm var. Qışda getmək fikrim yoxdur. Rəsmi nəsə olsa, hər kəsin xəbəri olacaq. Amma hazırda heç nə yoxdur.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43