• Ana səhifə
  • Müsahibə
  • Tuyqun Nadirov: “Mais Mənsimov baş məşqçiyə həmişə etimad göstərib” – MÜSAHİBƏ
Müsahibə

Tuyqun Nadirov: “Mais Mənsimov baş məşqçiyə həmişə etimad göstərib” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun  müsahibəsi

– “Xəzər Lənkəran” üçün 7 həftəyə 8 xal çox zəif göstəricidi. Belə başlanğıc nə gözləniləndi, nə də qəbulolunan…

– Sizin də bildiyiniz kimi, “Xəzər Lənkəran” həmişə iddialı olub. Klubumuz cari çempionata da bu fikirlə başlayıb. Əlbəttə, 8 xal azdı. Ancaq deməzdim ki, komanda oynamır, mübarizə aparmır. Bütün oyunlarımız gərgin və maraqlı keçib. Baxanlar da deyir ki, “Xəzər Lənkəran” əzmkar komandadı, keçənilkindən yaxşı vəziyyətdədi. Futbolçular meydana qələbə üçün çıxır. Bu baxımdan komandada irəliləyişi görürük. Düzdü, “Sumqayıt” və “Simurq”a gözlənilmədən uduzduq, elə həmin oyunlarda da çoxlu qol epizodumuz olub. Ümumityyətlə, qol epizdu yaratmaqda çətinlik çəkmirik. Demək olar hər oyunda bir neçə imkanımız olub fərqlənmək üçün. Bizdən bəxt bizdən üz döndərib. Yeganə çətinliyi bunda yaşayırıq. Səkkiz xal toplamağımızı əsasən bununla əlaqələndirərdim. Başqa bir ciddi səbəb görmürəm. Komanda öz oyununu oynayır, qələbə qazanmağa çalışır. Yaradılan qol vəziyyətlərinin yarısını dəyərləndirsəydik, “Xəzər Lənkəran” bu gün turnir cədvəlində 1-2-ci yerləri bölüşdürürdü.

– Bəxtin komandadan üz döndərdiyini dediz. Lakin hücum xətti də potensialından aşağı səviyyədə çıxış edir. Elə qol epizodlarını qaçırırlar ki… Buna nə söz..?

– Aldığımız futbolçular komandanı gücləndirmək üçündü. Biz onların səviyyəsinə bələdik. Sualınızın ikinci hissəsi baş məşqçiyə aid olduğundan, yaxşı olar ki, bunu onun özündən soruşasız. Sözsüz, yayda güclü transferlər etmişik. İstər yerli, istər əcnəbi. Təbii ki, bu, baş məşqçimizin istəyi, prezidentimizin göstərdiyi qayğı və diqqətin sayəsində mümkün olub.

– Hazırda “Xəzər Lənkəran” çox güclü heyətə malikdi. Deyə bilərəm ki, son illərin ən güclü heyətini yığmısız. Rəhbərlik Oğuz Çətinə istənilən şəraiti yaradıb, bəli, elədi. Sizcə, baş məşqçi bütün bunların qarşılığında niyə nəticə vermir?

– Oğuz Çətinə böyük ümidlərimiz var. O, özünə inanan mütəxəssisdi. Həm fəxri prezidentimiz Mübariz Mənsimov, həm də prezidentimiz Mais Mənsimov baş məşqçiyə həmişə etimad göstərib. Çətin bu güvəni əvvəldən görüb və bu gün də görür. Ondan narazılığımız yoxdu. Gəlin, sizə bir söz deyim: baş məşqçinin işinə qiymət vermək üçün 7 tur çox azdı. Biz gərək gözləyək və ona inanaq. Çempionat gərgin və maraqlı keçir. Marafon uzundu. Turnir cədvəlində sıxlığa baxın. Birinci yerdə “İnter” gedir, onlarla aramızdakı xal fərqi cəmi 6-dı. Elə bilirəm ki, kimin neçənci yer tutacağını söyləməyə tələsmək olmaz. Qarşıdakı turlar çox şeyi dəyişə bilər. İndi liderlər qrupunda olanlara 1-2 turdan sonra çata bilərik. Bu güc komandamızda var. Əsas start deyil, mövsümün sonudu. Bir də görərsiz ki, indi yuxarı sıralarda gedənlər mövsümün axırında 8-9-cü yerdədi. Aşkar güclü və aşkar zəif rəqib yoxdu. Hazırlıq və motivasiya oyunun taleyini həll edir. Götürək, “Bakı”nı. Həm “Araz Naxçıvan”ı uddular, həm də “Simurq”u. Bu tur “Bakı”nı Lənkəranda qəbul edəcəyik. Kim deyə bilər ki, onlarla qarşılaşmamız asan keçəcək? Hər rəqibi qiymətləndiririk. Komandamız məsuliyyətini dərk eləyir. Çünki bizə 1-2 ardıcıl qələbə lazımdı ki, azarkeşlərimizin istədiyi yerə gələk turnir cədvəlində.

– Bu söz-söhbətlər çoxdan var və mən indi onları bir-bir açıqlamaq istəmirəm. Sadəcə, Oğuz Çətinin bir mütəxəssis kimi “Xəzər Lənkəran”ın səviyyəsinə uyğun gəlmədiyini tək mən demirəm. Türkiyəli məşqçinin postundan uzaqlaşdırılması, doğrudanmı, qarşıdakı 2 turun nəticəsindən asılıdı?

– Rəhbərlik daim komandanın yanındadı. Bir qədər öncə özünüz də dediz ki, həm baş məşqçiyə, həm də futbolçulara lazımı şərait yaradılıb. Onlar bu şəraitin əvəzini yaxşı nəticələrlə verməlidilər. Məqsəd qoymuşuq ki, “Bakı” və “Qarabağ”la oyunlardan 6 xal götürülsün. Ancaq Oğuz Çətinin işinə xitam verilməsi gündəmdə yoxdu. Bu barədə danışmağa da dəyməz. Onun müqaviləsi var və mövsümün sonunda nəticələrə baxılıb qiymət veriləcək. Qış fasiləsində də baş məşqçi dəyişilməsi məsələsinə baxılmayacaq. Gəlin, bu haqda heç danışmayaq. Komanda pis oynasaydı, qələbə uğrunda mübarizə aparmasaydı, rəhbərlik olaraq Çətindən narazı qalardıq. İndi oyun və mübarizə əzmi də var, lakin dediyim kimi, yalnız bəxt çatışmır. İnanırıq ki, bu da ən qısa zamanda aradan qalxacaq.

– Çətin rəhbərliyin ondan nə istədiyini bizə açıqlayıb. Çempionluq və kubok maksimum hədəf deyil. Avrokuboklarda uğurlu çıxış da vacib şərtdi. Bu heyətlə zəif rəqiblərə uduzan baş məşqçinin klubu o səviyyəyə çatdırması nə dərəcədə inandırıcıdı?

– Oğuz Çətin Türkiyədə tanınan mütəxəssisdi. İşinə məsuliyyətlidi. Hər an komandanı fikirləşir. Rəhbərliyimiz baş məşqçinin fəaliyyətini yaxından izləyir. Hər məsələdə ona dəstək verilir. Bilirsiz, tez-tez məşqçi dəyişmək komandaya çox ziyandı. Hər gələn öz fəlsəfəsini, futbolçularını gətirir, oyun sistemi pozulur. Ona vaxt vermək lazımdı. Oğuz Çətin gəncdi, “Xəzər Lənkəran”ın həmişə iddialı olmasını bilir. Özünə də xeyirdi ki, burda nəticə qazansın.

– Yunis Hüseynovun idman direktoru təyin olunması onda narahatlıq yaratmayıb ki? Adətən, bu vəzifəyə gətirilən şəxs az sonra baş məşqçi keçir. Digər klublarda gördüyümüz tendensiya “Xəzər Lənkəran”da təkrarlanmayacaq ki?

– Bu məsələyə prezidentimizin Yunis Hüseynov və Oğuz Çətinlə söhbətində birdəfəlik son qoyulub. Əmin ola bilərsiz ki, Yunis müəllim yalnız “Xəzər Lənkəran”ın uğuru üçün dəvət olunub. Onun təyinatında başqa məqsəd güdülməyib. Rəhbərliyimizi yalnız ciddi hədəflər və nəticələr maraqlandırır. “Xəzər Lənkəran” qələbə qazandısa, bu, təkcə baş məşqçinin qələbəsi deyil. Yaxud uduzanda baş məşqçinin adı getmir. Bu, cənub zonasının fəxri olan klubdu və hər birimizin borcudu ki, “Xəzər Lənkəran”ın nəticə əldə etməsi üçün bacardığımızı edək. Yunis müəllimin Çətinlə münasibəti çox yaxşıdı. İkisi də bir-birinin işinə yüksək qiymət verir. Deyirlər ki, Qəbələdə oynayanda Yunis müəllim tribunadan futbolçulara göstəriş verib. Birincisi, belə olmayıb. İkincisi də, o, baş məşqçinin işinə qarışmayıb. İdman direktorudu, daim komandanın və Oğuz Çətinin yanındadı, hesaba görə narahat olub. Burda klub fərdlərə bölünmür. Hamımız bir yerdəyik və bir yerdə çalışırıq ki, klub öz sözünü desin.

Sportinfo.az

Oxşar xəbərlər

Səmra Əliyeva: “Ətrafımda hələ “qız hara, futbol hara” deyənlər var”

admin

Rəşad Sadıqov: “İlk oyunlarda Reynaldoya gülürdülər” (MÜSAHİBƏ)

admin

Bədavi Hüseynov: “Yox, söz verə bilmərəm” (MÜSAHİBƏ)

admin