Ölkə futbolu

“Üzərimdə çalışmalı və təslim olmamalıyam” – Musa Qurbanlı

İsveçin “Yurqorden” klubunda çıxış edən Musa Qurbanlı ölkə çempionatının XXVIII turunda “Brommapoykarna” üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, səfər matçına start heyətində çıxmasına baxmayaraq, fasilədən sonra əvəzlənən 21 yaşlı forvard buna görə baş məşqçidən narazı qalmadığını bildirib:

“Əvəzlənməyimi normal qəbul edirəm. Futbolda bəzən belə olur. Bu, baş məşqçinin qərarıdır. Həmişə daha çox oynamaq istəyirsən. Amma məyus olmadım. Ən vacibi komandanın 3 xal qazanmasıdır. Qalib gələndə sevinməliyik.

Bəzən qol vurmayanda bir az çətin olur. Azarkeşlər qolla yaşayır, onunla nəfəs alırlar. Qarşıma həmişə məqsəd qoyuram. Komandada yeniyəm və gəncəm. Başa düşürəm ki, hələ vaxtım var. Üzərimdə çalışmalı, özümü ruhdan salaraq təslim olmamalıyam. Komandaya uyğunlaşmağa çalışıram. Düşünürəm ki, həyat təslim olmamaqdan və üzərində çalışmaqdan ibarətdir. Bu mənim yolumdur. Mübarizəni davam etdirsəniz, yekunda istədiyinizi əldə edəcəksiniz”.

“Yurqorden” hazırda İsveç çempionatında 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43