İdman

“Xan Lənkəran” tərəfdarları kampaniyaya başladı, Rövnəq Abdullayevə müraciət etdi

Qarşıdakı mövsümdən 1-ci divizionda çıxış etmək istəyən “Xan Lənkəran” klubunun tərəfdarları AFFA prezidenti Rövnəq Abdullayevə müraciət ünvanlayıb.

İdmanxeber.com klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:

“Xan Lənkəran” Peşəkar Futbol Klubu Azərbaycanda dünya standartlarına uyğun model kimi iyun ayının 1-də təsis olunub. Klubun rəsmi fəaliyyətinin 2 ayı tamam olmayıb. Bu iki ay ərzində əldə etdiyimiz nəticələr aşağıdakılardır:

– 400.000 manatlıq baş sponsor müqaviləsi.

– 50.470 manatlıq hissə satışı və ianə yığımı.

– Ölkə xaricindən 200.000 manatlıq hissə satışı anlaşması.

– “Pody” geyim istehsalı ilə bağlı fabrik təminatlı anlaşma (satıldıqca ödəmə sistemli).

– Turizm şirkəti ilə təlim məşq toplanışı üçün Ukrayna gediş-dönüş səfərlərinin reklam əsaslı təminatı anlaşması.

– Oyunlarda reklam lövhələri ilə bağlı ilkin razılıqlar.

– Forma nömrəaltı reklamı üçün sponsorluq anlaşması.

Bütün bu nəticələrə baxmayaraq, klubumuz AFFA İcraiyyə Komitəsinin 24 iyul tarixli qərarı ilə 1-ci diviziona buraxılmamaq perspektivi ilə üzləşib. Klubun idarə heyəti 1-ci divizionda iştirak üçün iyunun 15-də Peşəkar Futbol Liqasına müraciət etsə də, həmin müraciətə İK-nin 1 aydan sonrakı toplantısından sonra cavab verilib və məlum qərar əsas göstərilərək, “Xan Lənkəran” PFK-na həvəskarlardan ibarət Region liqasında oynamaq tövsiyyə olunub. Bununla da klubun həm sponsor müqavilələrini, həm də hissə qoyuluşlarını itirməsi təhlükəsi yaranıb.

Biz hesab edirik ki, “Xan Lənkəran” modelində müstəqil maliyyə qaynaqları formalaşdıran, özünü maliyyələşdirən kluba qarşı bu münasibət səhvdir, Azərbaycan futbolunun yenilikçi layihələrlə inkişafının qarşısını almaqdır.

İmzamızla xahiş edirik ki, “Xan Lənkəran” PFK-nun 2018-2019 futbol mövsümü üçün 1-ci divizionda iştirakı məsələsinə yenidən baxılsın və kluba şərait yaradılsın”.

Müraciəti 1200 nəfər imzalayıb.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin son iclasından sonra federasiyanın baş katibi Elxan Məmmədov aralarında “Xan Lənkəran”ın da olduğu bir neçə klubun qarşıdakı mövsümdə 1-ci divizionda iştirak etməyəcəyini bildirmişdi. “Xan Lənkəran” rəhbərliyi isə məhz bu qərara etiraz olaraq, Rövnəq Abdullayevə müraciət edib, imzatoplama kampaniyasına start verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43