22 Dekabr 2024
Kateqoriyasız

Xaqani Məmmədov: “Hakimlərimizin qərəzli olmadıqlarına başımla cavabdehəm”

AFFA Hakimlər Komitəsi Topaz Premyer Liqasının III turunun oyunlarında qeydə alınan hakim səhvləri ilə bağlı iclas keçirib. Bu haqda Lent.az-a komitə sədri Xaqani Məmmədov məlumat verib.

O bildirib ki, ötən gün 3 saatadək davam etmiş toplantıda ədalət təmsilçilərinə ciddi xəbərdarlıq olunub: “Hakimlərlə ciddi söhbət etdik. Onlara xəbərdarlıq etdik ki, bir də belə kobud səhvlər təkrarlansa, barələrində ölçülər götürüləcək. Bilirsiniz, hakimlərimiz cavandırlar, onları çox divara dirəmək də düzgün deyil. Heç bir komandanın rəhbərliyi öz oyunçularının səhvindən danışmır, öz uğursuzluqlarının günahını yalnız hakimlərdə görürlər, bu yolla gələcək uğursuzluqlardan sığortalanırlar. Onlara deyərdim ki, Hakimlər Komitəsinə yox, öz futbolçularına xəbərdarlıq etsinlər”.

Məmmədov ötən turun 5 oyunundan 4-ü ilə bağlı klubların narazılıqlarına da toxunub: “Neftçi” – “Simurq” matçı çox yüksək səviyyədə idarə olunub. Meydan sahiblərinin futbolçusu Elvin Yunuszadəyə göstərilən birbaşa qırmızı vərəqə haqlıdır. Bu səbəbdən, flaqmanın baş hakim Əliyar Ağayevdən narazılığı yersizdir. “Sumqayıt” – “Qəbələ” matçında isə referi Orxan Məmmədov meydan sahiblərinin qapısına penalti təyin etməli idi. “Sumqayıt”ın cərimə meydançası daxilində “Qəbələ”nin futbolçusuna edilən kobudluğu nəzərdə tuturam. Amma topun yerli komanda oyunçusunun əlinə dəydiyi epizodu penalti kimi dəyərləndirmək olmaz. Çünki top əvvəlcə ayağa, sonra ələ dəyib və futbolçu bilərəkdən əllə oynamayıb. “Qarabağ”la görüşdə Rəhim Həsənovun “Xəzər Lənkəran”ın qapısına təyin etdiyi penalti isə düzgün deyildi. “İnter” – AZAL matçında da müəyyən epizodlarda hakim səhvləri var idi”.

Lakin komitə sədri nə səhvə yol verən hakimlərin qiymətlərini, nə də onlara qarşı hansı cəzaların tətbiq olunacağını açıqlamayıb. Məmmədov bunu UEFA-nın təlimatları ilə əsaslandırıb: “Mən də istərdim ki, qiymətlər açıqlansın, amma UEFA-nın təlimatları buna imkan vermir. Bununla belə, hakimlərimizin qərəzli olmadıqlarına başımla cavabdehəm”.

Bu mövsümdən tətbiq olunan 6 hakimlik sistemin müəyyən effekt verdiyini bildirən AFFA rəsmisi gələcəkdə də 2 həlledici oyunda qapı arxasındakı hakimlərin də təyinat alacaqlarını vurğulayıb. O, ötən mövsümün sonlarında Premyer Liqadan uzaqlaşdırılan Anar Salmanov və Elçin Məmmədovun qayıdışının gündəmdə olmadığını əlavə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43