Premyer Liqa

”Xəzər Lənkəran” üçün 400-cü, Mbilla üçün ilk qol

Topaz Premyer Liqasının VI turunun “Bakı” ilə ev oyunu (2:1) “Xəzər Lənkəran” üçün əlamətdar olub. Qarşılaşmanın 27-ci dəqiqəsində hesabı bərabərləşdirən Mbilla Etame komandanın milli çempionatlarda 400-cü qolunu vurub.

2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” yubiley qolunu 27-ci qarşılaşmasında vurub. Bundan əvvəlki 4 görüşdə rəqib qapısına yol tapa bilməyən komanda Topaz Premyer Liqasının ilk turundan sonrakı qol həsrətini “400”ə çatmaqla qırıb.

Belə ki, avqustun 4-də “Sumqayıt”la səfər qarşılaşmasında fərqlənən Junior Nildodan sonra “Xəzər Lənkəran” çempionatda azarkeşlərinə qol sevinci yaşatmamışdı. 41 gündən sonra vurulan qol isə həm yubiley, həm də ilk xarakteri daşıyıb. Kamerunlu forvard bir aydan çox çəkən qolsuz seriyaya son qoyub.

“Xəzər Lənkəran”da qol hesabını açan Mbilla klub tarixində qol sevinci yaşayan 83-cü, bunu çempionatda reallaşdıran 76-cı futbolçu olub. Bu oyunçulardan başqa rəqiblərin də öz qapısına qol vurmaqları qeydə alınıb. İkinci hissədə Mbilla 2-ci dəfə fərqlənməklə klub tarixində çempionat qollarının sayını 401-ə də çatdırmağa nail olub.

Bu qollardan 230-u evdə, 170-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda – Gəncədə vurulub.

Etame “Xəzər Lənkəran”ın heyətində dubl müəllifi olan 36-cı futbolçu kimi tarixə düşüb. Bu dubl klub tarixində ümumilikdə 67-ci belə hadisədi. Sonuncu belə dubl martın 3-də, ötən çempionatın XXIII turunun “Sumqayıt”la oyununda qeydə alınmışdı. Roberto Alviz 2 penaltini dəqiq yerinə yetirməklə dubl rəsmiləşdirmişdi.

Çempionatdakı yubiley qolları

1. 07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1 Çöri İlir, 26

50. 03.05.2005 “Xəzər Lənkəran” – “Ədliyyə” – 6:1 Martin Stankov, 36

100. 29.09.2006 “Gənclərbirliyi” – Xəzər Lənkəran“ – 0:3 İlqar Qurbanov, 8

150. 02.09.2007 ABN – “Xəzər Lənkəran” – 0:4 Zaur Ramazanov, 14-p.

200. 26.09.2008 MOİK – “Xəzər Lənkəran” – 0:4 İvan Svetkov, 34-p.

250. 29.11.2009 “Bakı” – “Xəzər Lənkəran” – 0:3 İvan Svetkov, 57-p.

300. 20.02.2010 “Xəzər Lənkəran” – AZAL – 2:1 Elnur Abdullayev, 45+2

350. 01.04.2012 “Xəzər Lənkəran” – “İnter” – 2:0 Eder Bonfim, 90+2

400. 14.09.2013. “Xəzər Lənkəran” – “Bakı” – 2:1 Etame Mbilla, 27

Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43