Doğma şəhərdə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” oktyabrın 7-də növbəti məşqini keçirib. Saat 17:00-da ehtiyat meydançada başlayan və leysan yağışı altında keçən hazırlıq prossesi 1 saat 20-dəqiqə davam edib.
Əvvəlcə isinmə hərəkətləri, sonra isə 20-dəqiqə ərzində kvadratlarda çalışan futbolçular bunun ardından beşnəfərlik 4-komandaya ayrılaraq ikitərəfli oyuna başlayıblar. Hər biri cəmi 2-dəqiqə sürən bu ikitərəfli oyunlarda məğlub olan komanda yerini digərinə veririb. Getdikcə daha da sürətlənən bu qısa oyunlar futbolçuların matçlar zamanı çevik və düzgün qərarlar verilməsinə alışmağa hesablanıb.
Orxan Sadıqlı zədəsini tam sağalda bilmədiyindən aşağı yaş qruplarından yeniyetmə bir qapıçı əsas heyətin məşqində iştirak edib. Yeri gəlmişkən, təcrübəli qolkiper Cahangir Həsənzadə də zədə səbəbindən məşqə qatılmayıb. Buna görə də dünən baş tutan məşqin gedişində qurulan ikitərəfli oyunlarda qapıları Tərlan Qasımzadə və aşağı yaş qruplarından dəvət edilən yeniyetmə qapıçı qoruyublar.
Əsas heyətin məşqinə gənclərdən dəvət edilən təkcə qapıçı olmayıb. Belə ki, ondan savayı əvəzedici heyətdən də bir neçə sahə oyunçusu hazırlığa qatılıb.
Lənkəranda son günlər yağan və məşq zamanı daha da güclənən yağış ehtiyat meydançanı tamamilə bərbad vəziyyətə salıb. Meydançanın bəzi yerlərində palçıq, hətta topuqdan yuxarı qalxıb. Elə vəziyyət yaranıb ki, məşqin bitimində bazaya yollanan istər yeli, istərsə də legioner futbolçular hərə öz dilində meydançanın bərbad vəziyyətdə olmasından gileyləniblər.
Qeyd edək ki, meydançanın vəziyyətindən məşqçilər korpusunun narazılığı elə hazırlıq prossesinin gedişi zamanı aşkar görünüb. (12cioyuncu.info)