İdman

Yarolim: “Azərbaycanla matçda xal itkisini unutduracağıq”

“Heç-heçə bizim üçün xal itkisidi. Əgər qol vəziyyətləri yarada bilməsəydik, daha pis olardı”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

 

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan çexlər C qrupunda ilk görüşünü dünən Şimali İrlandiyaya qarşı keçirib. Dünən baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

 

Matçdan sonra ölkəsinin mətbuatına açıqlama verən Yarolim oyunla bağlı fikirlərini bildirib. O, söhbət əsnasında gələn ay millimizlə keçirəcəkləri qarşılaşmaya da toxunub: “Fasilədə verdiyimiz tapşırıqlardan sonra komanda ikinci hissədə daha yaxşı oynadı. Cinah oyunçuları sürəti artırdılar. Qol vurmaq üçün kifayət qədər şansımız olsa da, effektli davrana bilmədik. İkinci hissə necə oynamalı olduğumuzu bizə göstərdi. Bu xal itkisini Almaniya, Azərbaycan və Norveçlə keçirəcəyimiz matçlarda unutdurub, vəziyyətimizi düzəldəcəyik”.

 

Yarolim yeni vəzifəsində özünə güvəndiyini qeyd edib: “Yığmada nə edə biləcəyimi yaxşı bilirəm. Qrup mərhələsi 10 oyundan ibarətdi. Bir neçə təcrübəli futbolçumuz milli karyerasını bitirdilər. Yeni kollektiv formalaşdırdıq, yola seçdiyimiz oyunçularla davam etməliyik”.

 

Qeyd edək ki, çexlərin millimizlə ilk görüşü oktyabrın 11-də Ostravada keçiriləcək. (apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43