Kateqoriyasız

“Zirə”dən alqışlanacaq addım

Azərbaycan futbolunda mövcud problemlərdən biri də, klubla futbolçular arasında yaşanan maliyyə  qalmaqallarıdır. Dəfələrlə futbolçuların klubda pullarının batmasına, hansısa bir şəkildə mənimsənilməsi hallarına rast gəlmişik. Bir çox klublarımız bu səbəbdən cəzalara da məruz qalıb.

İndiki halda maliyyə “fair-play” qaydaları o qədər sərtləşib ki, cəzalar qaçılmazdır. Ancaq istənilən halda bu problemlərin qalmaqal səviyyəsinə çatması nə klub, nə də futbolçu adına yaxşıdır. Bu baxımdan hər klub maliyyə öhdəliklərini ən yaxşı şəkildə icra etməyə çalışmalıdır.

1-ci divizion təmsilçisi “Zirə” iki ay öncə yollarını ayırdığı Bəhram Şahquliyevə də, onun köməkçilərinə də maaş verir. Məsələ burasındadır ki, həmin şəxslərlə müqavilə pozulduğundan klub onlara maaş verməyə bilərdi. Ancaq mövsümün gedişində istefaya göndərdiyi şəxsləri yarı yolda qoymaq istəməyən rəhbərlik bu yolla komandada əməyi keçən insanlara verdiyi dəyəri nümayiş etdirmiş olur. Ümumiyyətlə, 1-ci divizonda olmasına baxmayaraq, “Zirə” sabit maliyyə sistemi qurmuş klubdur. Ona görə də, bu klubda maaşlar vaxtı-vaxtında verilir.

Bildiyimizə görə, “Zirə” rəhbərliyi üçün klub-federasiya, klub-işçi, klub-komanda üzvləri arasındakı münasibətlərdə ideal sistem qurulması prioritet məsələdir. Növbəti mövsümdən Premyer Liqada çıxış etməli olan “Zirə”nin bu yanaşması UEFA-nın təbirincə desək, “respect” standartlarına tam cavab verir. Azərbaycan futbolunda isə bu yanaşmaya çox ehtiyac var!

sportal.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43