Ümid Səmədov növbəti dəfə Gəncə futbolunun tarixinə düşüb.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, I Divizionda cari mövsümün ilk dövrəsində “Kəpəz”in heyətində debüt edən ən gənc futbolçu kimi tarixə keçən Səmədov indi də komandada qol vuran ən azyaşlı oyunçu olub.
Bu tarixi hadisə çempionatın XXV turunda keçirilən “Kəpəz” – “Ağsu” oyununda qeydə alınıb. 88-ci dəqiqədə meydana daxil olan hücumçu görüşün sonuna əlavə olunan 3-cü dəqiqədə komandasının penaltidən 4-cü qoluna imza atıb. Səmədov fərqlənərkən 15 yaş 213 günlüyündə olub. Bununla da o, klubun tarixinə qol vuran ən gənc futbolçu kimi düşüb. Düzdü, Ümid hələ ötən ilin sentyabrında komandanın heyətində fərqlənib. Amma bu, rəsmi yox, Region Liqasında çıxış etmiş “Qoşqar” ilə yoxlama oyununda olub.
Ümidin qol vurduğu epizodda ona bu şansı komandanın kapitanı Əli Səmədov yaradıb. Kiçik Səmədov məhz qardaşına qarşı kobudluğa görə təyin olunan 11 metrliyi dəqiq yerinə yetirib. Yeri gəlmişkən, onların hər ikisi ilk dəfə komandanın heyətində eyni vaxtda meydanda olaraq çiyin-çiyinə oynayıblar. “Kəpəz”in tarixində ta Sovet dövründən müasir zəmanəmizə qədər qardaşlar oynayıb. Telman – Nizami Salahovlar, Kamil – Nadir Eynullayevlər, İsmayıl – Yunis Hüseynovlar, Mehman – Füzuli Allahverdiyevlər, Yadigar – İmamyar Süleymanovlar, Zaur – Mustafa Əsədovlar, Mətləb – Səbuhi Məmmədovlar, Ceyhun – Renat Soltanovlar, Ruslan – Vəli Qafarovlar, Qoqa – İrakli Berayalar və digərləri buna misaldı. Bu qardaşların bəziləri eyni, bəziləri isə ayrı-ayrı vaxtlarda komandanın şərəfini qoruyublar.
“Kəpəz”in məşqçilər korpusu Səmədovların, xüsusən də Ümidin potensialına böyük ümidlər bəsləyir. Komandanın baş məşqçisi Etibar İbrahimov yetirməsinin güclü tərəflərindən belə bəhs edir: “Ümid topla rəftarı yaxşı, qol duyumu yüksək olan futbolçudur. Çıxış etdiyi aşağı yaş qruplarının birinciliyində bir neçə dəfə bombardir olub. Hər dəfə onu meydana buraxanda qol vuracağına ümid edirik. Buna gücü, potensialı var. Hələ penalti epizodundan əvvəl fərqlənməyə yaxın idi, amma rəqib qapıçı zərbəni dəf edə bildi. Top ayağına düşəndə qapını tez tapmağa çalışır. Universaldır, həm hücumun mərkəzində, həm də cinahlarda oynaya bilir. Əminəm ki, gələcəkdə öz qolları ilə azarkeşləri daha tez-tez sevindirəcək”.
Mövsümün əvvəlində klubun 15 yaşlılardan ibarət komandasından əsas komandasına cəlb edilən Ümid Səmədov 2014-cü ildə AFFA-nın sosial reklam çarxının siması olub. Gənc futbolçu SOCAR tərəfindən 2016-cı ildə Fransada keçirilən Avropa çempionatının finalına göndərilən 6 oyunçu arasında da yer alıb.