27 Dekabr 2024
Ölkə futbolu

2013-ün “Qəbələ”li 13 məqamı

Adətən, yeni il ərəfəsində keçmişə boylanır, ili xatırlayır, xoş və kədərli anları yada salırlar. İlayırıcında biz də belə etmək qərarına gəldik. Görəsən, 2013-cü il “Qəbələ” İdman Klubu üçün hansı hadısələrlə yadda qaldı? Təbii ki, yola saldığımız ildə klubumuzla bağlı çoxlu xoş, qürurverici hadisələr olub. Onlardan 13-nü seçib, sizlərə təqdim edirik.

1. Uğurlar, “Qəbələ” İK!

2013-cü  ilin  əvvəlindən  klubun nəzdində  digər  idman  növləri –  cüdo,  boks,  atıcılıq  və  karate  bölmələri  fəaliyyətə  başladı. Təbliğ  və  inkişaf  etdirdiyi  idman  növlərinə  uyğun  olaraq, klubun  adı  da  dəyişdirildi  və hazırda  “Qəbələ”  İdman Klubu (İK)  kimi  fəaliyyətini  davam etdirir.  Qısa  zamanda  paytaxt Bakıda və Qəbələdə adı çəkilən idman  növləri  üzrə  bölmələr yaradıldı,  minlərlə  yeniyetmə sağlam həyat tərzinə cəlb edildi. “Qəbələ”  idmançıları  müxtəlif yerli  və  beynəlxalq  yarışlarda təmsil olundular.

2. Akademiyada dünya şöhrətli məşqçi

Uşaq  futbolu  sahəsində  böyük mütəxəssis,  uzun  illər  Hollandiyanın  “Feyenoord”  akademiyasına  rəhbərlik  etmiş  Stenli Brardın  “Qəbələ” Futbol Akademiyasına  direktor  təyin  edilməsi geridə  buraxdığımız  mövsümdə akademiyanın  həyatında  ən  yaddaqalan  hadisələrdən  oldu.  18 ildir  məşqçi  kimi  çalışan  və  bu sahədə  kifayət  qədər  uğurları olan 54 yaşlı mütəxəssis yaxın 3 il ərzində “Qəbələ”də uşaq futbolunun inkişafı üçün çalışacaq. Bu, 2009-cu  ildə  təməli qoyulan qısa müddətdə xeyli uğurlar əldə edən “Qəbələ”  Futbol  Akademiyası üçün keyfyyətcə yeni mərhələdir.

3. “Tiraspol baharı – 2013”

2013-cü    il    xarici  ölkələrə  səfərlər   baxımından  akademiyamız    üçün    səmərəli  oldu.  “Qəbələ”nin  U-13    komandası Türkiyədə    ənənəvi   Vodafone,  U-15  komandamız    “Ukrayna  Prezidenti  Kuboku”,  U-17  kollektivi  isə Braziliyada “Laranya Mekanika Beynəlxalq Kuboku”  turnirində  iştirak  etdi.  11  yaşlılarımız  Gürcüstanda  səfərdə oldular.  İl  səfərlər  baxımından U-15 komandamız üçün xüsulilə məhsuldar  olub.  Bu  komanda Ukraynada    (Donetsk)  hazırlıq  keçdi,  ardınca  Hollandiyada “Ayaks”,    “Brügge”    və    “Fortuna”  ilə    yoxlama   matçlarına çıxdı,    “II Qəbələ Kuboku”nda ölkəni və klubumuzu təmsil etdi.  Kollektivin mart ayında Moldovada    “Tiraspol  baharı-2013”  beynəlxalq  turnirinin  gümüş medallarına  layiq  görülməsi yaddaqalan oldu.

4. Rekord göstərici: 5 çempionluq

Ötən mövsüm  “Qəbələ”  İK-nın 11  futbol kollektivi Azərbaycan çempionatlarında  mübarizə apardı.  Bunlardan  9-u  akademiya  komandası  idi.  Bu  il  beş komandamız  –  U-19,  U-17, U-16, U-15 və U-11 Azərbaycan birinciliklərində  mövsümü  qızıl medallarla başa vurdular. 13 yaşlılarımız  isə  yalnız  finalda uduzaraq,  ölkə  ikincisi  oldular.  Belə  yarışlarda qalibiyyət  akademiya  komandaları  üçün  prioritet  olmasa da, ölkə birincilikləri    tarixində indiyədək belə uğur qeydə alınmamışdı.

5. Ümidləri alovlandıran təyinat

“Qəbələ”  2013/2014-cü  il mövsümünə  tanınmış  rusiyalı  mütəxəssis  Yuri  Syominin  rəhbərliyi  ilə  başladı.  66 yaşlı  təcrübəli  mütəxəssis ötən  ilin  mart  ayında  Ramiz Məmmədovun  istefasından sonra  boş  qalan  və  müvəqqəti olaraq,  əvəzedicilərin  çalışdırıcısı Luis Araqonun  tutduğu baş məşqçi postuna gətirildi. Klubun tarixinə  ilk  rusiyalı  çalışdırıcı kimi düşən Syomin zəngin karyerası  ilə  postsovet  məkanında məşhur  simadır.  Çalışdırdığı komandalara,  bir  qayda  olaraq, böyük uğurlar qazandıran qocaman  məşqçinin  “Qəbələ”ni  bu il  Avrokuboklara  çıxaracağına ümid böyükdür.

6. Qəbələdə ikinci  futbol bayramı

Klub bu  il  ikinci dəfə Qəbələdə 15 yaşadək futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnir  təşkil etdi.  II Qəbələ Kuboku  iştirakçı komandaların adları baxımından daha möhtəşəm alındı.  Yarışa  “Barselona” (İspaniya),  “Portu”  (Portuqaliya),  “Zenit”  (Rusiya),  “Şaxtyor”  (Ukrayna),  “Beşiktaş” (Türkiyə),  “Bakı”  və  “Qəbələ” klublarının  futbolçuları  qatıldılar. Budəfəki turnirdə qalib Portuqaliyanın  “Portu”  kollektivi oldu.  Möhtəşəm  futbol  bayramında Toni Adams, Roy Makaay, Stenli Brard,  eləcə də,  İspaniya millisinin  və  “Barselona”nın sabiq  futbolçusu  Xulio Alberto Moreno, dünya uşaq futbolunun ən  üzdə  olan  mütəxəssislərdən olan Albert  Pyuç  kimi  ünlü  simalar da iştirak etdilər.

7. Peşəkar boks Qəbələyə gəlir

“Qəbələ” İK 2013-cü ildə boksla  bağlı  2  möhtəşəm  layihəni reallaşdırdı.  Klub  ilk  dəfə doğma  məkanda  “Qəbələ”  və Türkiyənin  “Fənərbaxça”  boks komandaları  arasında  yoldaşlıq görüşünü  təşkil  etdi.  Bu  tədbir ölkənin  boks  tarixinə  klublararası  ilk  beynəlxalq  yoldaşlıq görüşü  kimi  düşdü  və  Qəbələ boksçularının  qələbəsi  ilə  yekunlaşdı.  Dekabr  ayında  isə klub  idmansevərlərə  daha  bir  möhtəşəm  boks  gecəsi  təqdim erdi.  Boks  həvəskarları  IBF  və WBO  versiyaları  üzrə  Avropa  çempionu  kəməri  uğrunda “Qəbələ”  İK-nın  peşəkar  boksçusu  Fariz Məmmədovla  almaniyalı  Matias  Pelkin  döyüşünü izlədilər.

8. İlk cəhddən “dördlər finalı”nda

Cüdo “Qəbələ” İK-nın nəzdində futboldan  sonra  inkişaf etdirilən  ikinci  idman  növüdür. Üzvlərinin  sayı,  ümumilikdə, mini  keçən  bölməyə  güclü  və perspektivli  idmançılar  cəlb edilib.  Cüdoya  bölgədə  maraq  həddən  artıqdır.  Hazırda klubun  Qəbələdəki  bölməsinə 100-dən  çox  idmançı  cəlb  edilib.  “Qəbələ”  cüdoçuları  bu  il Azərbaycan  Kuboku  uğrunda ilk dəfə keçirilən yarışda  iştitak edərək  dördlər  fnalına  vəsiqə qazandı. “Qəbələ” həlledici yarışı üçüncü yerdə  başa  vuraraq  bürünc medallara layiq görüldü.

9. Yeni stadion

Bu  il  daha  bir   stadion istifadəyə verildi. Tamaşaçı tutumu 3 min nəfər olan, ən müasir tələblərə cavab verən  stadionun özəlliyi  isə onun  isidilən drenaj sistemi  ilə  təchiz  edilməsi  və tribunaların  arxasında  yardımçı binalara  malik  olmasıdir.  Qurğu  akademiya  üçün  inşa  edilsə də,  arena  hələlik  ev  oyunlarını keçirməsi  üçün  “Qəbələ”nin əsas  komandasının  ixtiyarına verilib. Yeri gəlmişkən, əsas komandanın iştirakı ilə bu meydançada  ilk matç  sentyabrın  20-də keçirildi. Açılış matçı əlamətdar oldu:  komandamız  “Rəvan”a 3:0 hesabı ilə qalib gəldi.

10. Yeni mövsümə yeni sponsorla

“Pepsi” ilə “Qəbələ” İdman Klubu bu ildən yeni sponsorla əməkdaşlığa başladı.  “Pepsi Cola Azerbaijan”la imzalanan  müqaviləyə  əsasən, klubumuzun  bütün  komandaları  2013/2014  mövsümündə üzərində  “Pepsi”  reklamı əks  olunan  formalar  geyinir. Bundan  əlavə,  hər  iki  qurum keçirəcəkləri  sosial məsuliyyət, yaxud  marketinq  kampaniyalarında bir-birilərini dəstəkləyəcək və  birgə  fəaliyyət  göstərəcək. Qeyd edək ki, “Qəbələ”  futbolçuları  ötən  3  mövsüm  ərzində meydançaya  digər  qlobal  brend –  “Hyundai”  reklamlı  formalarda çıxmışdı.

11. Bütün yollar Qəbələyə aparır

Qəbələdə  ən  müasir  standartlara  uyğun  Atıcılıq  Kompleksinin  istifadəyə  verilməsi burada  beynəlxalq  səviyyəli turnirlərin  keçirilməsinə  şərait yaratdı. Beynəlxalq Atıcılıq  İdmanı  Federasiyasının  (ISSF) növbəti  seminarında  2014-cü ildə  mərhum  prezident  Heydər Əliyevin  xatirəsinə  həsr  olunmuş  olimpiya  atıcılıq  növləri üzrə Qran-Pri turnirinin və Dünya Kuboku fnalının, 2015-ci ildə isə 2016-cı il Olimpiya Oyunlarına  lisenziya  xarakterli  Dünya Kuboku  yarışlarının  Qəbələdə keçirilməsi  haqqında  qərar  verildi. Beləliklə,  ilk  dəfə  atıcılıq idmanı  üzrə  mötəbər  yarışlar ölkəmizdə keçiriləcək.

12. Tətilə liderlər sırasında

Yuri  Syomin  kimi  tanınmış mütəxəssisin  “Qəbələ”nin  baş məşqçi  postuna  gətirilməsi  kluba yüksək nəticələr qazandırmağa  hesablanmış  addım  idi.  Bu, artıq  ilk nəticəsini verməkdədir. Ən  azı  ona  görə  ki,  “Qəbələ” qış  fasiləsinə  liderlər qrupunda, 2-ci yerdə yollanıb. Bu, komandanın  8  illik  tarixində  ən  yaxşı göstəricidir.  Syominin  komandası  fasiləyə  ilk  üçlükdə  çıxacağını hələ II dövrənin sonuna 2 tur qalmış rəsmiləşdirmişdi. İndi əsas məqsəd  bu mövqeni mövsümün  sonunadək  qorumaqdır. Çünki bu, avtomatik avrokuboklara vəsiqə qazanmaq deməkdir.

13. Rafael Ağayev “İlin idmançısı” oldu

Azərbaycanı  və  “Qəbələ”ni beynəlxalq  arenada  uğurla təmsil edən Rafael Ağayev bu il titullarının  sırasına  bir  neçəsini də  əlavə  etdi.  Əvvəlcə  Macarıstanda  keçirilən  48-ci  Avropa  çempionatında  WKF  növü üzrə  11-ci  Avropa  çempionluğunu  qazanan  Rafael  ardınca İndoneziyada  keçirilən  İslam Ölkələrinin  3-cü  həmrəylik oyunlarının  qalibi  oldu.  Karatenin  “brilliantı”,  nəhayət,  paytaxtımızda keçirilən karate üzrə IV  Beynəlxalq  “Baku  Open-2013”  turnirini  fəxri  kürsünün ən yüksək pilləsində başa vurdu. O, həm də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfndən “İlin 10 ən yaxşı idmançısı” sırasına daxil edilib.

Qəbələ İK qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43