"Ayntraxt"ın müdafiəçisi Marko Russ Bundesliqanın ikinci turunda "Bavariya" ilə oynayacaqları oyunöncəsi açıqlama verib.
27 yaşlı futbolçu açıqlamasında Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə avqustun 22-də Bakıda qarşılaşacaqları "Qarabağ"la oyuna da toxunub.
"Bavariya" ötən mövsümün ən yaxşı komandasıdır. Əgər bu gün ən azı bir xal qazansaq, "Herta"ya acı məğlubiyyəti (1:6) az da olsa unutduracağıq. Ardından Bakıya çətin səfərimiz olacaq. "Qarabağ"la oyuna da ciddi yanaşırıq. Çünki Avroliqanın qrup mərhələsində oynamaq əsas hədəflərimizdən biridir. Bununla belə, Bundesliqada da yolumuza davam etmək istəyirik".