22 Dekabr 2024
Ölkə futbolu

“Neftçi” bəyanat yaydı

"Neftçi” bəyanat yayıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, bakılılar Topaz Premyer Liqasının III turu çərçivəsində keçirilmiş “Qarabağ”-“Xəzər Lənkəran” matçında azarkeşlər arasında baş vermiş hadisələrdə öz azarkeşlərinin adının hallandırılması yolverilməz sayır.

Paytaxt klubu bəyan edir ki, uğurlarına kölgə salmağa çalışan bəzi qüvvələr mətbuat və digər vasitələrlə ictimai rəyi çaşdırmaq istiqamətində çalışırlar: “Avqustun 25-də təşkil olunacaq “Xəzər Lənkəran” – “Neftçi” oyunu öncəsi qızışdırıcı mövqe tutan bu qüvvələr iki klub arasındakı münasibətləri korlamaq və azarkeşləri qarşı-qarşıya qoymaq üçün müxtəlif yollara əl atırlar. Azərbaycanda futbolun inkişafına zərbə vurmaq niyyətində olan bu insanlar idmana etnik qarşıdurma kimi ifadələri gətirməklə ictimai asayişi pozmağa səy göstərirlər. “Qarabağ” və “İnter”in Avropa Liqasında oyunlara yüksək səviyyədə hazırlaşması üçün “Neftçi” rəhbərliyi İsmət Qayıbov adına stadionu klubların ixtiyarına vermişdi. Hər iki klubun rəhbərliyi “Neftçi”yə öz minnətdarlığını bildirmişlər. Bununla yanaşı, komandamızın çoxminli azarkeşləri “Qarabağ”ı beynəlxalq oyunlarda dəstəkləyərək, onların uğurlarında pay sahibi olublar”.

“Neftçi” bir daha bəyan edir ki, xoşagəlməz hadisələrdə adının hallandırılması futbolumuza deyil, ümumilikdə dövlətçiliyimizə xələl gətirmək cəhdləridir: “Neftçi” klubu olaraq tələb edirik ki, “Qarabağ” – “Xəzər Lənkəran” görüşündə azarkeşlər arasında baş vermiş hadisələr tam dəqiqliyi ilə araşdırılsın (əgər varsa videogörüntülərlə) və günahkarlar öz layiqli cəzalarını alsınlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43