Topaz Premyer Liqanın IV turunda “İnter” səfərdə “Rəvan”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu görüş komandalar üçün sayca 5-ci olacaq. İndiyədək rəqiblər 4 dəfə üz-üzə gəlib və hər 4 oyun da “bankirlər”in qələbəsi ilə başa çatıb.
Bütün oyunlar milli çempionat çərçivəsində keçirilib. Bu qarşılaşmalarda “İnter” “Rəvan”ın qapısından 7 top keçirib, rəqib isə 1 qolla fərqlənib. Son 3 matçda “Rəvan”ın futbolçuları həmşəhərlilərinin qapısına yol tapa bilməyiblər. Rəqibin “İnter”in qapısından keçirdiyi son qol 2011-ci ilin oktyabr ayına təsadüf edir.
“Rəvan”a qarşı səfər oyunlarında “İnter” tam üstünlüyə malikdir: 2 oyunda 2 qələbə, toplar arasında fərq 4:1-dir. 2011/2012 mövsümündəki matçda “bankirlər” rəqibə meydanında 2:1 hesabı ilə qalib gəlib, ötən mövsüm isə “İnter” bu komandanı 2:0 hesabıyla məğlub edib. “Rəvan” və “İnter” arasında keçirilən matçların bombardiri Baçana Sxadadzedir və forvardın aktivində 2 qol var.
Qeyd edək ki, “Rəvan” – “İnter” qarşılaşması avqustun 25-də Bayıl stadionunda baş tutacaq. Matç saat 20.00-da başlayacaq, oyunun baş hakimi isə Elvin Əsgərov olacaq.