22 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” 104-ə çatdı

Topaz Premyer Liqasının V turunun “Qəbələ” ilə səfər oyunu daha 2 futbolçunun “Xəzər Lənkəran”da rəsmi debütü ilə yadda qaldı. 

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Lənkəran təmsilçisinin 0:2 hesabı ilə uduzduğu matçda Deyvid Sakkoni və Edu Oriol ilk dəfə “ağ-yaşıl” formanı geyindi.

Bu matçadək klubun 9 illik tarixində 164 oyunçu rəsmi matçlara çıxmışdı. Fasilədən sonra meydana çıxan Oriol bu siyahıda 165-ci, 73-cü dəqiqədə komanda yoldaşını əvəzləyən Sakkoni isə 166-cı oldu.

Bu 166 oyunçudan milliləşənlər də nəzərə alınmaqla 104-ü legioner, 62-si yerli futbolçudur. Oriolla Sakkoniyədək 102 əcnəbi 37 ölkəni təmsil edirdi. Sakkoni klub tarixində 14-cü braziliyalı oldusa Oriol 4-cü ispaniyalıdır. Mario Rosas, Toni Doblas və Alvaro Silvadan sonra 4-cü olan Edunun sayəsində onun ölkəsi klubdakı təmsilçilikdə Bolqarıstan və Portuqaliyaya çatdı. Braziliyalılar isə bu sayda hələ də 2-cidir: Rumıniya – 18, Braziliya – 14, Türkiyə – 10, Serbiya – 7, Belarus – 5, Bolqarıstan, Portuqaliya, İspaniya – hərəsi 4, Albaniya, Argentina, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Fil Dişi Sahili, Moldova, Nigeriya, Qana, Slovakiya, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya, Makedoniya, Mərakeş, Kamerun – hərəsi 1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43