27 Dekabr 2024
Kateqoriyasız

Təxribat! Lənkəran niyə qana boyandı?

Avqustun sonunda prezident İlham Əliyevin cənub bölgəsinə səfər edəcəyi gözlənilirdi. Avqustun 25-də, prezidentin səfəri öncəsi Lənkəranda böyük təxribat törədildi. «Xəzər Lənkəran» – «Neftçi» oyunundan sonra iğtişaş yarandı. Avqustun 25-də baş verənlər mayın 28-də törədilənlərin məntiqi nəticəsi olsa da, daha böyük təxribat idi. Söhbət prezidentin səfəri öncəsi törədilən təxribatdan gedirdi. Heç kimə sirr deyil ki, prezidentin səfərindən öncə ölkənin təhlükəsizlik qüvvələri həmin bölgədə olur, vəziyyətə nəzarət edirlər. Belə bir durumda futbol oyununda qarşıdurma yaşanır. Bu qarşıdurmanı Azərbaycan futbolunu idarə edənlərin törətdiyi də şəksizdi. Məhz onların sağlam düşüncəyə əsaslanmayan idarəetmə metodları Lənkəranda insanları etiraza sövq etdi.

Nə boyda qələt etdiklərini AFFA rəsmiləri də anlayırdılar. Elə ona görə də həm «Neftçi», həm də «Xəzər Lənkəran» rəhbərliyini məcbur etdilər ki, «olaylarda xarici qüvvələrin əli var» açıqlamasını versinlər. Bununla da əslində qaş düzəltmədilər, gözü də çıxardılar, dövlətin yeritdiyi siyasi xəttə qarşı çıxdılar. Dəfələrlə demişik ki, Azərbaycanda futbol oyunlarında təxribat edəcək hansısa bir qüvvə yoxdu. Təbii ki, sadə azarkeşlər arasında. Baş verən azarkeş etirazları isə AFFA-dan qaynaqlanır. AFFA-da oturanlar sağlam rəqabətli çempionat təşkil edə bilmədikləri, ikili standartlardan çıxış etdikləri üçün futbol oyunlarında belə olaylar yaşanır. Bunu hansısa xarici qüvvəylə bağlamaq naşı idarəçiliyə görə özünü sığortalamaqdı. Amma AFFA rəsmiləri özlərini sığortalamaq naminə dövlətin maraqlarını qurban verirlər. Yəqin ki, onlar həm etirazlara səbəb olduqlarına, həm də dövlətin siyasi xəttinə qarşı çıxdıqlarna görə nə vaxtsa cavab verəcəklər.

AFFA heç kimin etmədiyini etmək istəyir

İndi isə gələk Lənkəranda baş verən olaylara. İğtişaşa gətirən hadisələrin baş vermə xronologiyasına nəzər saldıqda hansısa xarici qüvvə amili nəzərə çarpmır, tamamilə başqa mənzərə ortaya çıxır. Aydın olur ki, Lənkərandakı iğtişaşı əslində «Xəzər Lənkəran» və «Neftçi» rəhbərliyi planlaşdırıb. Daha doğrusu, iğtişaşlar onların məsuliyyətsizliyi ucbatından baş verib. Amma buna tam məsuliyyətsizlik də demək olmaz. Bəzi məqamlara nəzər saldıqda, bunun düşünülərək edildiyinə də şübhə yeri qalmır. Belə məqamlar xüsusən də «Neftçi» rəhbərliyinin atdığı addımlarda özünü büruzə verir. Özü də düşünülmüş şəkildə. Tələsməyin, hər şeyi izah edəcəyik.

Əvvəlcə onu xatırladaq ki, «Neftçi»nin sahibi ARDNŞ-in və AFFA-nın prezidenti Rövnəq Abdullayevdi. XL isə «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova məxsusdu. Abdullayevlə Mənsimovun olduqca yaxşı münasibətləri mövcuddu. Onların həm Türkiyədə, həm də Azərbaycanda ortaq biznesləri var. Cəmi bir ay əvvəl Lənkərana səfər edən Abdullayev «Xəzər Lənkəran» – «Slima» qarşılaşmasını da stadiondan izləmişdi. Görüntülərdən bu iki şəxsin olduqca xoş münasibətinin olduğu aydın sezilirdi.

Abdullayevlə Mənsimovun münasibətlərinin bu dərəcədə yaxın olduğu halda, onların himayə etdiyi komandaların düşmən olması bir qədər müəmmalıdı.

Əslində, bu düşmənçiliyin bəlli səbəbləri var. Klub rəsmilərinin münasibətləri nə qədər xoş olsa da, bu amil azarkeşlərə sirayət etmir. Xüsusən də «Neftçi»nin dövlətin vəsaiti hesabına maliyyələşməsi, üstəlik, Rövnəq Abdullayevin səlahiyyətlərindən istifadə edərək, «ağ-qaralar»a əlavə dəstək verməsi nəinki «Xəzər Lənkəran», ölkənin bütün azarkeşlərini bu komandaya qarşı çevirib. Üstəlik, onu da nəzərə alaq ki, Abdullayevin güvəndiyi kadrlar «Neftçi»ni kriminal kluba çeviriblər. «Neftçi» rəhbərliyi istədiyini edir, istədikləri adamı döyür. Onlar hətta Abdullayevin gözü qarşısında, ölkənin böyük bayramında – 28 mayda, kubokun finalında cinayətkar hərəkətlərə yol verməkdən belə çəkinmədilər. Bütün bunlar da sonda «Neftçi»yə qarşı antipatiya formalaşdırır. Nəticədə isə olduqca acınacaqlı durum yaranır. Nədi acınacaqlı durum?

XL – «Neftçi» oyunlarında gərginlik əvvəllər də mövcud olub. Sonuncu dəfə Azərbaycan kubokunun finalında yaşanan qalmaqalı xatırlatdıq. Ancaq bu gərginlik millətlərarası münasibət həddinə çıxmamışdı. Artıq çıxıb.

Artıq «böyük oyun»dan əvvəl millətlərarası münasibətlər ortaya atılır, talış-türk məsələsi qabardılır. Sosial şəbəkələrdə isə vəziyyət daha da acınacaqlı olur. Burda «Neftçi» – «Xəzər Lənkəran» qarşıdurması «talışın talışdan başqa dostu yoxdu» şüarlarına rəvac verib.

«Xəzər Lənkəran»a bütün cənub bölgəsi azarkeşlik edir. Cənub bölgəsində türklərlə talışlar çoxdan bir-birlərinə qaynayıb-qarışıblar, qız verib, qız alıblar, qohum olublar. Bu millətlər arasında heç vaxt nifaq toxumu səpmək mümkün olmayıb. Ancaq deyəsən, Rövnəq Abdullayevin AFFA-sı heç kimin etmədiyini etmək istəyir axı.

Bütün cənub bölgəsi, talışı da, türkü də «Xəzər Lənkəran»a azarkeşlik edib indiyə qədər. Ancaq AFFA-nın siyasəti nəticəsində indi vəziyyət dəyişir, «Xəzər Lənkəran»ın talışlara məxsus olduğu və bunun üçün də çempionatda sıxışdırıldığı görüntüsü formalaşdırılır. Avqustun 25-də keçirilən görüşdə baş verən iğtişaşlardan sonra bu məsələni qabardanlar daha da aktivləşiblər.

«Neftçi»nin təxribatçı addımları və özünüsığortalama bəyanatı

İndi isə gələk «Xəzər Lənkəran» – «Neftçi» görüşünə. Sözsüz ki, bu görüş ətrafında gərginlik olacağı gözlənilən idi. Təməl də mayın 28-də keçirilən ölkə kubokunun finalında qoyulmuşdu. Həmin görüşdə «Neftçi»nin rəhbər şəxsləri və mühafizəçiləri «Xəzər Lənkəran»lı futbolçuları vəhşicəsinə döymüşdü. Kadrlar az qala bütün dünyada yayımlansa da, «Neftçi»nin rəhbər şəxsləri barədə heç bir ölçü götürülmədi. Cinayətkarların cəzasız qaldığını görən «Xəzər Lənkəran» azarkeşləri «Neftçi»ylə oyun ərəfəsində Lənkərandan mesaj göndərirdilər: «Əvəz çıxacağıq».

Bu mesajlar sosial şəbəkələrdə də açıq şəkildə bəyan edilirdi. Deməli, gərginliyin olacağı bəlli idi və qabaqlayıcı tədbirlər görülməliydi. Ancaq əvəzində vəziyyət daha da gərginləşdirildi.

«Böyük oyun» ərəfəsində ilk gərginlik Bakıda keçirilən «Qarabağ» – «Xəzər Lənkəran» oyunundan sonra yaşandı. Dost münasibətlərdə olan «Qarabağ» və «Xəzər Lənkəran» azarkeşləri arasında insident yaşandı. «Qarabağ» və «Xəzər Lənkəran»ın fan-klublarının apardığı araşdırmadan sonra məlum oldu ki, insidenti törədən «Neftçi» azarkeşləri olublar. Onların hətta bir «Xəzər Lənkəran» azarkeşini bıçaqladığı barədə də məlumat yayıldı. Təbii ki, bu məlumat «Neftçi»ylə qarşılaşmaya bir həftə qalmış Lənkəranda vəziyyəti hədsiz gərginləşdirdi. Üstəlik, məlumat yayıldı ki, «Qarabağ» – «Xəzər Lənkəran» oyunundan sonra təxribat törədən azarkeşlərin stadiona getməsini «Neftçi» rəhbərliyi təşkil edib, bunun üçün onlara 300 manat pul da verilib. Gərginlik yüksələn xətt üzrə davam edirdi. Məhz bunu nəzərə alan «Neftçi» rəhbərliyi bəyan etdi ki, Lənkərana azarkeşlərini aparmayacaq. Bu hal dünyanın hər yerində mövcuddu. Türkiyədə «Qalatasaray» – «Fənərbaxça» derbisinə rəqib komandanın azarkeşləri buraxılmır. Gözləmək olardı ki, «Neftçi»nin bu bəyanatından sonra «ağ-qaralar»ın azarkeşləri Lənkərana aparılmayacaqlar. Amma aparıldı. Özü də fanatların əksəriyyəti azyaşlılardan ibarət idi. Onlara isə «Neftçi»nin maliyyələşdirdiyi «Forza Neftçi» və «Flaqman» fan-klublarının rəhbərləri başçılıq edirdilər. Onların yol pulunu və qidalanma xərcini isə şəxsən «Neftçi»nin prezidenti Sadıq Sadıqov ödəyib. Aldığımız məlumata görə, yolda nahar edərkən azarkeşlərə spirtli içkilər də verilib. Artıq təxribat hazırlanırdı. Özü də bu təxribatdan «Neftçi» rəhbərliyinin də xəbəri vardı. Bir tərəfdən «Lənkərana azarkeş aparmayacağıq» deyən, digər tərəfdən isə onların yol və qidalanma xərcini ödəyən, spirtli içkilərə qonaq edən də elə «Neftçi» rəhbərliyi olub. Bu isə onu göstərir ki, «Neftçi» rəhbərliyi qarşıdurmada maraqlı olub. Bilə-bilə ki, Lənkəranda gərginlik olacaq, azyaşlı uşaqların ora aparılması təxribat idi. Özü də böyük təxribat. Lənkərandakı qarşıdurmada «Neftçi»nin azyaşlı azarkeşlərindən kimsə xəsarət alsaydı, ya da öldürülsəydi, nə olacaqdı? Yəqin ki, «Neftçi» rəhbərliyi elə bunu istəyirmiş. Ağır ittihamdı. Amma bu ittihamı irəli sürmək üçün əlimizdə tutarlı arqument var: Lənkəranda qarşıdurma. Ölüm-itim istəməyən «Neftçi» rəhbərliyi azarkeşlərinin oyuna getməsinə hər vəchlə mane olmalıydı. «Neftçi» rəhbərliyi neynədi? Verdikləri bəyanatın əksinə olaraq, onların səfər xərcini də maliyyələşdirdi. Amma yenə də bunun qarşısını almaq olardı. Necə? Bir halda ki, «Neftçi» rəhbərliyi azarkeşlərini Lənkərana aparmayacağını rəsmi şəkildə bəyan etmişdisə, onda cənub şəhərinə gələnlər stadiona buraxılmamalıydı. Buna isə «Xəzər Lənkəran» rəhbərliyi mane olmalıydı. Onlar «Neftçi»nin təxribatından vaxtında duyuq düşməli, hüquq-mühafizə orqanlarına müraciət etməliydilər. Azarkeşlərin qarşısı şəhərin girişində alınmalı, polisin müşayiətiylə Bakıya yola salınmalıydı. Ancaq nə baş verdi? Spirtli içkilərin təsiri altında olan azarkeşlər stadiona buraxıldılar. Onlar yerlərini rahatlamamış qurşaqdan yuxarı lüt soyunaraq təhqiramiz şüarlar səsləndirməyə başladılar. Bu, artıq iğtişaş üçün ilk qığılcım idi.

«Neftçi» rəhbərliyi öz işini görmüşdü. Spirtli içkilərin təsiri altında olan azyaşlılar stadionda idi. Oyunun fasiləsində ilk qarşıdurma yaşandı. «Neftçi» fanatları oturacaqları qıraraq «Xəzər Lənkəran» azarkeşlərinə tərəf atdılar. Qarşılaşmanın baş hakimi Fariz Yusifov hadisələrin sakitləşməsini gözləyərək, ikinci yarının başlamasını 5 dəqiqə yubatdı. Oyundan sonra isə gözlənilən qarşıdurma reallaşdı. «Neftçi» rəhbərliyi oyundan əvvəl «azarkeşlərimizi Lənkərana aparmayacağıq» desə də, «Forza Neftçi» və «Flaqman» fan-klublarının üzvlərinin Lənkəran səfərini təşkil etmişdi. Oyundan əvvəl verilən «azarkeşlərimizi aparmayacağıq» bəyanatı özünü sığortalamağa hesablanmışdı. «Neftçi» rəsmiləri Lənkəranda nələrin olacağından əvvəlcədən xəbərdar idilər.

«Xəzər Lənkəran»la DİN-in ziddiyyətli bəyanatları

«Xəzər Lənkəran» rəhbərliyi isə oyundan sonra bəyanat yaydı. Amma bu bəyanatla da səriştəsizliklərini ortaya qoydular.

Klubun rəsmi mövqeyinə diqqət edək: «Oyundan əvvəl «Xəzər Lənkəran» klubunun təhlükəsizlik xidməti tərəfindən 20-30 nəfər futbol fanatlarını əsla xatırlatmayan bir qrup göz altına alınsa da, onlar izdihama qarışaraq stadiona soxula biliblər. Təəssüf hissi doğuran fakt ondan ibarətdi ki, bu şəxslər özləriylə stadiona hətta peşəkarcasına hazırlanmış «Molotov kokteyli» tipli yandırıcı maddələr və küt alətlər keçirə biliblər. Öz çirkin niyyətlərini həyata keçirəndən sonra onlar mütəşəkkil qaydada yenidən kütləyə qarışaraq aradan çıxa bilmişlər. “Xəzər Lənkəran” klubunun rəhbərliyi olaraq baş verənlərdən təəssüfümüzü bildirir və müvafiq orqanlardan xahiş edirik ki, günahkarların tezliklə tapılıb cəzalanmasına, stadiona dəymiş maddi ziyanın ödənməsinə nail olsunlar».

Diqqət: Rəsmi bəyanatda bildirilir ki, oyundan əvvəl təxribatçıları «Xəzər Lənkəran»ın mühafizə xidmətinin əməkdaşları müşahidə edib. Bəs DİN, MTN hara baxırdı? Axı Lənkəran həssas bölgə sayılır. Üstəlik, bir həftədən sonra bura ölkə prezidentinin gələcəyi də gözlənilirdi. Deməli, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olmalıydı. Bəs necə olub ki, klub mühafizəçilərinin müşahidə etdiyi təxribatçıları MTN və DİN-in əməkdaşları müşahidə edə bilməyiblər? İkinci sual, «Xəzər Lənkəran» klubunun mühafizəçiləri müşahidə etdikləri təxribatçılar barədə hüquq-mühafizə orqanlarını niyə məlumatlandırmayıblar? Klubun rəsmi bəyanatından görünür ki, onları zərərsizləşdirmək mümkün olmayıb.

Amma DİN-in rəsmi açıqlamasında bildirilir ki, xuliqanlıq edən 7 nəfər saxlanılıb: «Avqustun 25-də saat 22.22 radələrində Lənkəran şəhər Mərkəzi Stadionunda «Xəzər Lənkəran» və «Neftçi» futbol klubları arasında keçirilmiş oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atmış, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırmış, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq hərəkətləri etmişlər. Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq ŞRPŞ-yə gətirilmişdir. Onlardan dördünün sərxoş halda olmaları müəyyən edilmişdir. İctimai asayişi qorumağa cəlb edilmiş DİN əməkdaşlarından 6 nəfəri xəsarət almışdır. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanmışdır».

«Xəzər Lənkəran» klubunun rəsmi bəyanatı ilə DİN-in rəsmi açıqlaması ziddiyyət təşkil edir. Klubun rəsmi açıqlamasında bildirilir ki, çirkin niyyətlərini həyata keçirəndən sonra təxribatçılar mütəşəkkil qaydada yenidən kütləyə qarışaraq aradan çıxa bilmişlər.

DİN isə 7 nəfərin həbs edildiyini bildirir. Belə çıxır ki, əslində, həbs edilənlər təxribatçılar yox, sadəcə hay-küyə qoşulan günahsız azarkeşlərdi.

P.S. «Neftçi» tərəfdən qızışdırıcı təxribatlar hələ də davam edir. «Forza Neftçi» və «Flaqman» fan-klublarının rəhbərləri mətbuata verdikləri açıqlamada «Bakıda onlara göstərəcəyik» deyiblər. Təxribatçıları axtarırlar? Görünən dağa bələdçi lazımdı?

Natiq

“Komanda” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43