27 Dekabr 2024
Ölkə futbolu

“Neftçi”nin adına layiq çıxış etməyə çalışacağıq” – MÜSAHİBƏ

“Neftçi”nin əvəzedici heyətinin baş məşqçisi Asim İbrahimov klubun rəsmi saytına müsahibə verib.

– Qış fasiləsinədək olan dövrü necə qiymətləndirirsiz?

– Çempionatın ilk yarısını turnir cədvəlinin 5-ci pilləsində başa vurduq. Əlbəttə, turnir cədvəlində “Neftçi”nin adına layiq yer tutmağa çalışırıq, amma ən vacib məsələ əsas komanda üçün gənc və yerli oyunçular yetişdirməkdi. Hazırda komandada çıxış edən futbolçulardan bir neçəsi yaxın gələcəkdə əsas heyətin üzvləri ilə rəqabət aparmaq gücündə olacaqlar.

– Komandanın nəticələrini qənaətbəxş hesab edirsiz?

– Təbii ki, nəticələrdən razı deyilik. Hesab edirəm ki, turnir cədvəlindəki mövqe komandanın oyunu və potensialı ilə üst-üstə düşmür. Düşünürəm ki, qış fasiləsindən sonra nəticələrimizi daha da yaxşılaşdıracağıq. Mövsümün əvvəlində öz oyunumuzu göstərməkdə bir az çətinlik çəksək də, son 4-5 turda komanda bacarığının 30-40 faizini nümayiş etdirə bildi. Əsasən bu yaşda olan futbolçular sabit çıxış etməkdə müəyyən çətinlik çəkirlər ki, bu da başadüşüləndi. Biz onları fiziki, taktiki, texniki məşqlərlə yanaşı, psixoloji cəhətdən də hazırlamağa çalışırıq.

– Heyətdəki futbolçulardan kimləri fərqləndirərdiz?

– Futbolçuların hamısı məşqlərdə həvəslə çıxış edirlər. Bugünlərdə klub rəhbərliyi və məşqçilər korpusunun iştirakı ilə keçirilmiş toplantıda gənc futbolçuların çıxışı analiz edildi və onlardan bir neçəsinin əsas komanda ilə birgə təlim-məşq toplanışına qatılması nəzərdə tutulub. Komandamızda sağlam rəqabət mühiti var və öz oyunu ilə fərqlənən hər bir futbolçu bilir ki, onun üçün əsas komandanın qapıları açıqdı.

– Əsas komandaya çağırılan futbolçuların yoxluğu hiss olunacaqmı?

– “Neftçi”də bu iş bütün yaş qruplarında sistemli şəkildə aparılır. Qış təlim-məşq toplanışı zamanı 1996 və 1997-ci il təvəllüdlü futbolçular arasında seçimlər edib, ən yaxşıları əvəzedici heyətə cəlb edəcəyik. Aşağı yaş qruplarındakı futbolçuların çxışını mütəmadi olaraq izləyirik. Bir neçə futbolçu artıq nəzərimizdədi və fikrimcə, onlar heyəti gücləndirmək iqtidarındadılar. Bu həm də onların özlərini sübut etməsi üçün bir fürsətdi.

– Komanda çempionatın ikinci hissəsinə necə hazırlaşacaq?

– Rəhbərlik komandanın yaxşı hazırlaşması üçün hər cür şərait yaradıb. Qış fasiləsində Bakıda iki mərhələdən ibarət təlim-məşq toplanışı keçəcəyik. İlk mərhələ yanvarın 6-dan 11-dək, ikinci mərhələ isə ayın 12-dən 25-dək baş tutacaq. Çalışacağıq ki, “Neftçi” adına layiq çıxış etməklə yanaşı, əsas komandaya gənc yerli istedadlar hazırlasın.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43