27 Dekabr 2024
Ölkə futbolu

“Neftçi”nin yeni transferi danışdı

“Necə böyük bir kluba gəldiyimi gözəl anlayıram. İstəyirəm ki, “Neftçi” ilə birgə çempionluq yaşayım və komandamızın uğurlarında pay sahibi olum. Çalışacağam ki, “Neftçi”nin əsas heyətində möhkəmlənim”. Bunu “Neftçi”nin yeni transferi Samir Məsimov deyib.

18 yaşlı futbolçu “Neftçi” ilə 3,5+1,5 il (5 il) şərti ilə müqavilə bağlayıb. “Partizani” və “Tobol”la oyunlarda meydanda olan və 1 qol vuran Məsimov Moskvanın “Lokomotiv” və “Spartak” klublarının aşağı yaş qruplarında çıxış edib.

Məsimov yeni klubunun rəsmi saytına verdiyi ilk açıqlamasında Rusiyada çıxış etdiyi vaxt ona yaradılan əngəldən danışıb: “Rusiyada legioner futbolçu hesab olunurdum. Çünki Azərbaycan millisini seçmişdim. Mənim ana vətənim Azərbaycandır və öz millimin heyətində oynamağı həmişə hər şeydən üstün tutmuşam. Rusiyada mənə deyirdilər ki, Azərbaycan millisini seçməyin burdakı karyeranın üstündən xətt çəkə bilər. Amma mən Azərbaycan millisində və “Neftçi”də böyük nailiyyətlərə imza atmaq istəyirəm”.

Qeyd edək ki, Samir Məsimov “Neftçi”nin qış fasiləsində hələ ki ilk və son transferidir. Çünki paytaxt klubu daha başqa transfer etməyəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43