Qış fasiləsində “Bakı”nın transferə çıxardığı Kamran Ağayevin hansı komandaya keçəcəyi maraqla gözlənilirdi. Bir tərəfdən onun transfer hüququna sahib olan “Bakı”nın böyük məbləğ tələb etməsi, digər tərəfdən isə Premyer Liqa klublarının Ağayevin xasiyyətindən ehtiyat etməsi onun gələcək karyerasını sual altına qoyurdu.
Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış Kamran Ağayev “Qəbələ”yə transfer olundu. Və onun keçidi birmənalı şəkildə “Qəbələ”nin gücünə güc qatdı.
Lakin sportal.az saytının əldə etdiyi məlumata görə, Kamran Ağayev “İnter”ə keçə bilərmiş. “Bankirlər”in gürcü çalışdırıcısı Kaxaber Sxadadze onu öz sərəncamında görmək istəyib. Lakin Sxadadzenin səylərinə baxmayaraq, Kamran Ağayevin transfer dəyərinin baha olması bu keçidin reallaşmasına imkan verməyib.
Qeyd edək ki, “Bakı” Kamran Ağayevin transfer kağızının qarşılığında 350 min dollar alıb. Pulun bir hissəsini “Qəbələ” klubu, bir hissəsini isə Kamran Ağayev özü ödəyib.