22 Dekabr 2024
Kateqoriyasız

XXX tur: Mübahisəli oyun, “Qəbələ” can hayında – TƏHLİL

XXX turun ardından – TƏHLİL

 

Azərbaycan Premyer Liqasında XXX
tur da geridə qaldı. Turda futbol adına hər şey vardı – mübarizə, sürpriz,
mübahisəli məqamlar və s.

 

Mərkəzi matç

“İnter” –
“Neftçi” görüşünün taleyini Bertuççinin zəif oyunu həll etdi. Bruno oyunboyu
Daşdəmirovun reydləri qarşısında aciz qaldı, paraşüt ötürmələr zamanı
neytrallaşdı və “bankirlər”in sağ cinahına böyük ölçüdə rahatlıq
verdi. Bunun da səbəbi sambaçının hücuma qoşularkən müdafiəni yaddan
çıxarmasıdı. Yunuszadə və Mitreskidən ibarət mərkəz tandeminin oyununu da qənaətbəxş
saymaq olmaz. Birinci hücum xəttində fəallığı ilə seçilsə və qol vursa da,
mövqeyində inamsız təsir bağışlayırdı. 

Böyükağa Hacıyev artıq ilk qoldan
sonra bu haqda düşünməliydi. Sxadadze boşluq tapmışdı və bütün qüvvəni ora kökləmişdi.
“Bankirlər”in hücum xətti də üzərinə düşən işin öhdəsindən gəlirdi.
Baçana Sxadadze aktivliyi ilə seçilir, qapının təhlükəsizliyini imkan düşdükcə
yoxlayırdı.

“Neftçi”nin forvardı
Nfoor haqda isə eyni sözləri demək olmaz.

Mübahisəli oyun

Çempionat ərzində hakimlikdən ən
narazı adam “Bakı”nın çalışdırıcısı Milinko Pantiç idi. Tale elə gətirdi
ki, bu dəfə hakimlik mövzusu məhz “zolaqlılar”ın adıyla hallandı.
“Xəzər Lənkəran” ən böyük üstünlüyü olan standart vəziyyətlərdən iki
qol vurub xeyli rahatlamışdı. Kubok oyunu öncəsi əksər futbolçulara istirahət
verən Mustafa Dənizli yarımcan heyəti ikinci hissəyə düzgün kökləyə bilmədi.
AZAL-la oyundakı ssenari bu dəfə də təkrarlandı. Pantiçin komandası ikinci
yarını daha üstün keçirdi və məğlubiyyətdən qaça bildi. Mübahisəli hakim qərarlarısa
öz yerində. Bu haqda çox danışılıdığından əsas diqqəti Slavik Alxasovun üzərinə
çəkmək daha doğru olardı. Top ötürülən anda oyunçuya nəzarəti itirən Alxasov
sonradan karate fəndlərinin icrasına başladı ki, bunu da hakim penalti kimi dəyərləndirdi.
Toxunuş anının xəttdən kənarda və ya içəridə olmasından asılı olmayaraq,
Slavikin bu hərəkəti peşəkar futbolçu üçün normal sayıla bilməz. Bu nə
birincidi, nə də ikinci. Həmişə eyni səhv, eyni hərəkət, eyni cəza.  Cənubluların son iki oyunu isə kubok matçı
öncəsi azarkeşləri ümidləndirə bilər. Nəticədən asılı olmayaraq komanda bu
çalışqan oyunla Avrokuboklar üçün yeganə şansını dəyərləndirə bilər.

“Qəbələ” can hayında, AZAL xal axtarır

Yuri Syöminin uğursuzluqlar sonrası
bütün diqqəti kuboka yönəltdiyini düşünmək olar. Komandanın problemləri barədə
çox danışılıb, çox deyilib. Ən yaxşısı, 1 gün də səbr edib Qəbələdəki kubok
matçını izləməkdir. Bundan sonra əyalət təmsilçisi haqda daha ətraflı danışmaq
olar.

Tərlan Əhmədovsa eksperimentlər
aparmağa davam edir. Müxtəlif yerdəyişmələr və manevrlərlə komandanı
formalaşdırmağa çalışan baş məşqçinin nəyə qadir olduğunu ancaq növbəti mövsümdə
görə biləcəyik. Təbii ki, AZAL rəhbərliyi onunla yollarını ayırmasa.

“Sumqayıt” – “Simurq”

3-cü dövrədə yaxşı seriya cızaraq
özü haqda müsbət düşüncələr formalaşdıran “Simurq” son 3 oyunda heç də
yaxşı təsir bağışlamır. “Bakı”, ardınca “İnter” məğlubiyyəti
və sonuncu turda “Sumqayıt”la heç-heçə. Zaqatalalıların mövsüm üçün
elə bir ciddi iddiası yoxdur və belədə onlar sadəcə gözəl oyunla azarkeşləri
sevindirməlidirlər. “Qəbələ”nin uğursuzluqları fonunda komanda 5-ci
pilləyə də iddialı ola bilər.

Kim tutar səni, vur qola..

İndiki halda “Qarabağ”
haqqında çox danışmağa ehtiyac yoxdu. Komandanın oyununu izləyib zövq almaq yetər.
Bunun hara qədər davam edəcəyini isə sadəcə gözləmək lazımdı. A planı, B planı
barədə çox danışıb beyninizi yormayın. Qurbanov indiki halda alqışları ən çox
haqq edən baş məşqçi, “Qarabağ”sa ən uğurlu komandadı.

KElvin


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43