22 Dekabr 2024
İdman

Dad yarımçıq əlindən

İndiyədək bir çox turnirlərdə, olimpiya, dünya və avropa çempionatlarında fərdi idman növlərində yığma komandamızın üzvləri müxtəlif nailiyyətlər qazanmışlar. Bunu danmaq olmaz. Cəmi 5 olimpiadada çıxış edən idmançılarımız Atlantada 1, Sidenydə 3, Afinada 5, Pekində 7, Londonda isə 10 medal qazanmağa müvəffəq olmuşlar. Bu medallardan altısı qızıl, beşi gümüş, on beşi isə bürünc əyyarlıdır. Bu da, cəmi 22 ildir Beynəlxalq Olimpiya Komitəsinə üzv olan bir ölkənin idmanı üçün heç də qeyri-qənaətbəxş nəticə sayılmamalıdır. Lakin, Azərbaycan xalqının sevimli deyiminə çevrilmiş bir məsəl var ki, bütün sahələrdə olduğu kimi idmanda da yada düşür: “Dad yarımçıq əlindən”

Məlum məsələdir ki, olimpiya çempionu adına layiq görülmüş idmançıya bizim qədər bəxşiş verən ikinci bir ölkə yoxdur. Olimpiya çempionu (və ya mükafatçısı) nə az, nə çox 600 000 manat pul mükafatına, müxtəlif orden və medallara layiq görülür ki, bütün bunların nəticəsində də, cəmiyyətdə xeyli imtiyazlara malik olmuş olur. Bununla da, bir növ gənc yazıçı Elxan Zeynallının “Bir milyon dollarım olsaydı” romanındakı Kərəm Alyev obrazını xatırladırlar.

Əslində, bu dövlətin idmançılara göstərmiş olduğu yüksək qayğının göstəricisidir. Və bu təqdirəlayiq haldır.

Lakin, məsələ burasındadır ki, bu, idmançılarımızda əlavə stimul yaratmaq əvəzinə, başgicəllənmə effektinə səbəb olur. Bir günün içində yuxusunda belə, görmədiyi rifaha nail olan idmançılar bununla da peşəsini dəyişib, idmana hobbi kimi yanaşmağa başlayırlar. Məşqlər getdikcə azalır. Yarışlar bir-birinin ardına buraxılır. Beləliklə “ulduz xəstəliyi”nin ilkin “simptonları” özünü büruzə verməyə başlayır. Federasiya rəsmiləri tərəfindən isə bütün bunlara, “idmançıya istirahət lazımdır”, “zədəlidir” , “olimpiya çempionu adına layiq görülən idmançını sıradan bir yarışa aparmaq düzgün deyil” və bu kimi ifadələrlə haqq qazandırılır. Belə olan halda isə, arxayınlaşan və bunun nəticəsində məsuliyyət hissindən məhrum olan “Şöhrət” ordenlilərimiz, şöhrətlərini getdikcə itirməyə başlayırlar. Kimisi azad sahibkarlıq fəaliyyətinə başlayır, kimisi məmur olur. Kimisi də, 30 yaşına çatmamış federasiyada söz sahibinə çevrilir. Və beləliklə karyerasını başa vurur.

Çox da uzağa getməyərək, şimal qonşularımızın güləş idman növünə qiyabi səyahət edək. Azərbaycanda olduğu kimi, Rusiyada da güləş sevilən idman növlərindən biri hesab olunur. Daim, müxtəlif yarışların qalibi adına yiyələnən rus pəhləvanları dünyanın ən güclülərindən hesab olunur. Öz miqyasına və prinsipiallığına görə qitə çempioantları ilə müqayisə olunan Rusiya çempionatında ilk üçlükdə qərarlaşan idmançılar ölkəni müvafiq olaraq dünya və avropa çemionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə təmsil etmək hüququ qazanır. Daha bizdəki kimi haqqları tapdanmır, ölkə çempioantını buraxan titullu idmançı onların əvəzinə yarışlara aparılmır. Belə olan halda isə, idmançıda peşəsinin tələb etdiyi bütün keyfiyyətlər yaranmış olur. Məsuliyyət, motivasiya və bunun nəticəsində keçilən gərgin məşq prossesi. Buna görədir ki, Rusiyalı idmançılar daim stabilliyini qoruyub saxlayır. Üçqat olimpiya, doqquzqat dünya və on bir dəfə avropa çempionu Aleksandr Karelin, Üçqat olimpiya, altıqat dünya və altıqat avropa çempionu Buvaysar Saytiyev. Özbəkistan yığmasının şərəfini qiruyan rusəsilli, üçqat olimpiya, ikiqat dünya və üçqat asiya çempionu Artur Taymazov və digər adını çəkmədiyim bu kimi əfsanəvi idmançılar, məhz Rusiya güləş məktəbinin yetirmələridir.

Əslində, qeyri-sabit çıxışa əsas səbəb kimi, tək ayrılmış vəsaitin çoxluğunu göstərmək doğru olmazdı. Məsələn, bizim millilərimizdə mübarizə aparan əcnəbi idmançılar, daim, stabil çıxışları ilə fərqlənirlər.

Güləş üzrə yığma komandamızda, iki ildir arenalarda görünməyən, hələ də qış yuxusuna gedən, dağıstanlı Şərif Şərifov istisna olmaqla, osetin Xetaq Qazyumov, ukraynalı Mariya Stadnik, belarus Yuliya Ratkeviç, boks yığmamızda dağıstanlı ikiqat dünya və avropa çempionu Məhəmmədrəsul Məcidov, avarçəkən, üçqat dünya çempionu ukraynalı Valentin Demyanenko kimi idmançıların timsalında görünən odur ki, milli idmançıların idmana yanaşma tərzi belə yanlışdır. Onlar idmana yoxsulluqdan zənginliyə keçid dövrü kimi baxırlar. Karyera anlayışı heç bir üfüq açmır, qarşılarında. Nəzərə alsaq ki, idmançıların əksəriyyətinin adi nitq qabiliyyəti belə, yoxdur, “toçka” psixologiyasının səbəbi də müəyyən mənada aydın olur.

Sahib Əsədbəyli 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43