Premyer Liqada mövsümün başa çatdığı bir vaxtda aşağı yaş qrupları arasında respublika birinciliyinin qızğın vaxtıdır. AFFA-nın təşkilatçılığı ilə keçirilən bu yarışlarda bir neçə yaş qrupu üzrə mübarizə artıq başa çatıb. Məsələn, 12 yaşlı futbolçuların (Atena U-12 liqası) yarışında finalda “Neftçi”ni məğlub edən “Qəbələ” çempion olub. 11 yaşlıların çempionatında isə artıq yarımfinalçılar bəllidir. Bu gün keçiriləcək yarımfinal oyunlarından sonra mayın 22-də çempionluğu müəyyənləşdirəcək finalçıların adı məlum olacaq. Bu yazıda yarışların gedişatı ilə deyil, təşkilati işlər diqqətimizdən yayınmayan nöqsanlardan bəhs edəcəyik.
Əvvəlcə qısaca olaraq yarışların keçirilmə formatı haqqında. Reqlamentə əsasən çempionat 6 region üzrə təşkil edilir – Cənub, Şimal, Mərkəz, Qərb-Gəncə, Şimal-Qərb və Qarabağ və nəhayət paytaxt. Hər regionda komandaların sayları müxtəlifdir və müəyyən olunmuş yerləri tutanlar final mərhələsinə vəsiqə qazanırlar. Məsələn, U-11 liqasında final mərhələsində 16 komanda iştirak edir. Onlardan 5-i paytaxtı, qalanları isə regionları təmsil edirlər. Final mərhələsinin bütün oyunları Bakıda təşkil olunur ki, bu da başadüşüləndir. Lakin oyunların təkcə Mərdəkanda baş tutmasını anlamaq çətindir. Eyni gündə bir stadionda bir neçə oyunun ardıcıl təşkili bir qədər basabasa səbəb olur. Bayıl qəsəbəsində yerləşən stadiondan da istifadə ediləcəyi təqdirdə bu basabasın qarşısı bir qədər alınmış olardı. Digər tərəfdən “Dalğa” dəniz kənarında yerləşdiyindən çox vaxt orada güclü külək müşahidə olunur. Bu da balacaların bacardıqlarını ortaya qomasına əngəl yaradır. Üstəlik, oyunların keçirildiyi meydançanın kənarında nə azarkeşlər üçün yer var, nə də düz-əməlli çəkiliş aparmaq olmur. Çəkiliş demişkən, final mərhələsinin oyunları başlayana kimi AFFA bütün yaş qrupları üzrə birinciliklərin final oyununun televiziyalardan birində canlı yayımlanacağı barədə söz vermişdi. Bu yaxınlarda 13 yaşlıların finalı keçirildi və oyunun başlama vaxtında bütün kanalları ələk-vələk etsək də, futbolaoxşar bir şey tapmadıq. 13 yaşlıların çempionatına “Coca-cola” sponsorluq edir və birincilik “Coca-cola U-13” adlanır. Görəsən, kifayət qədər müştərisi olan bu şirkətin bapbalaca bir final oyununu televiziya vasitəsilə yayımlamağa pulumu çatmır? Əslində, çatır və şirkət həmin pulu AFFA-nın hesabına bəlkə də çoxdan köçürüb. Sponsor kimi. Sadəcə, AFFA-dakılar bu işə “dırnaqarası” münasibət bəslədilər. Mətləbdən uzaq düşsək də, bu da nöqsan kimi qeyd olunmalıdır. Bəlkə, insafa gəldilər, qalan finalları canlı yayımladılar.
Bütün bunlar bir yana, ən böyük problem təhsillə bağlıdır. Bayaq da qeyd etdiyimiz kimi, yarışlar aprelin son həftəsində start götürüb və mayın axırında başa çatacaq. Bü müddət ərzində orta məktəblərdə illik imtahanlar götürülür. Lap, imtahanlar olmasa belə, uşaqlar ən azı 1 həftə dərslərdən yayınmalı olurlar. Doğrudur, bizə yerli futbolçu lazımdır. Atalar demişkən, könlü balıq istəyənin quyruğu suda gərək. Amma… Vəziyyəti bir qədər ətraflı izah edək. Elə götürək yenə də U-11 liqasını. Final mərhələsində 16 komanda var ki, onlardan da 11-i bayaq qeyd etdiyimiz kimi bölgələri təmsil edir. Hər komandada orta hesabla 15 futbolçunun olduğunu nəzərə alsaq, bu, 240 nəfər edir. Deməli, 240 şagird dərsdən yayınır. Üstəlik U-11 liqasının oyunları elə bir vaxta təsadüf edir ki, həmin vaxt məktəblərdə şagirdlərdən summativ imtahanlar götürülür. Valideynlər inciməsinlər, 240 uşaqdan gələcəkdə 5-6-sı yaxşı futbolçu olsa, böyük uğurdur. Amma 240 şagirdin heç olmasa 30-40 faizi savadlı vətəndaş kimi yetişə bilər. Olmazdımı, final mərhələsinin oyunları Novruz bayramında keçirilsin? Həm şagirdlər tətilə buraxılmışdılar, iş günləri olmadığından həm valideynlərə rahat olardı, həm də havalar sərin idi. Hava demişkən, oyunların bəziləri günorta saat 1-də keçirilir – 30-35 dərəcə istidə. Oyunların keçirildiyi meydança süni örtüklü olduğundan isə, yerdən elə bil od qaynayır. Uşaqlara yazığınız gəlmir? Mərdəkanda saat 11-dən sonra böyüklər günün altında birtəhər olurlar, o da qalsın 11-12 yaşlı uşaq. Bunlar haqda AFFA rəsmilərinə iradlarımızı bildirəndə maraqlı arqument gətirdilər. Məsələn, yarışların keçirilməsi departamentinin rəhbəri Yusif Vəliyev final mərhələsinin Novruz bayramı günlərində təşkilinin onlara problem yaratdığını bildirdi. Həmin vaxt valideynlər tətili müxtəlif yerlərdə keçirdiklərindən uşaqları bir yerə yığmaq çətin olur. Valideynlər övladlarının futbolçu kimi yetişməsini istəyirlərsə, tətildən ola bilərlər. Bayaq dedik axı, könlü balıq istəyənin…
Başqa bir rəsmi şəxs isə daha gülməli fikir söylədi. Adını açıqlamaq istəmirik, sonra gülüş hədəfinə çevrilər – “əgər final mərhələsini Novruz bayramında keçirsək, aprel-may aylarında boşluq olcaq Bu da bizə sərf etmir”. Niyə boşluq olur ki, azından hansısa mini-turnir təşkil etmək olar. Məsələn, Heydər Əliyevin doğum günü münasibətilə. Və ya pley-off sistemi ilə respublika kuboku təşkil etmək də mümkündür. Həm siz boş qalmazsınız, həm də uşaqlar dərslərindən olmazlar.
Başqa bir anormal məqam – yarışların keçirildiyi təqvimə fikir versək, oyunlar həftənin iş günlərinə salınıb. Nadir hallarda şənbə və bazar günləri uşaqlar futbol oynayır. Yenə də bir misal gətirək, U-13 liqasında yarışlar aprelin 28-də başlayıb – həftənin bazar ertəsi günü. Qrup mərhələsinin oyunları mayın 1-də, yəni cümə axşamı başa çatıb. Ertəsi gün 1/4 final oyunları olub – yenə də iş günü. Təkcə yarımfinal oyunları bazar günü təşkil olunub. 3-cü yer və final oyunu da iş və dərs gününə təsadüf edib – mayın 12-i və 13-ə. Yaxşı ki, vaxtında edilən etirazlar bəhrəsini verdi. U-11 liqasında cümə gününə nəzərdə tutulmuş oyunlar dünən keçirildi. Heç olmasa, paytaxtda yaşayan uşaqlar bir gün düz-əməlli dərsə gedə bildilər.
Övladlarımıza futbol lazımdırmı? Lazımdır. Amma futboldan əvvəl savad, təhsil, sağlamlıqları vacibdir. Cavabdeh şəxslər arada bir az da uşaqları fikirləşsələr, ümumiyyətlə fikirləşsələr, əla olar.
“Het-trik news”