28 Dekabr 2024
Kateqoriyasız

Milli Qurtuluş gününə həsr olunmuş Azərbaycan çempionatı keçiriləcək

İyunun 14-də Veloparkda velosiped idmanının MTB (dağ velosipedi) növü üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş yarışda peşəkar velosipedçilərlə yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilər.

Yarışın reqlamentinə əsasən, Elit və U-23 yaş qrupunda çıxış edəcək idmançılar ümumi uzunluğu 2300 metr olan marşrut boyunca 8, yeniyetmə və gənclər 6, həvəskar dağ velosipedçiləri isə 4 dövrə vuracaqlar.

Müvafiq idman ləvazimatı (velosiped və baş geyimi) olan hər bir həvəskar velosipedçi yarışda iştirak etmək üçün federasiya ilə əlaqə saxlamaqla (012 566 74 88; 077 450 25 13; e-poçt: [email protected]) qeydiyyata düşə bilər.

Yarış günü iştirakçılar saat 10.00-dan etibarən Veloparkdakı mərkəzi meydanda qeydiyyata alınacaqlar. Yarışa saat 11.00-da start veriləcək. “Tour d’Azerbaidjan-2014” veloyürüşünün virtual oyun versiyasının qalibi də çempionat başa çatdıqdan dərhal sonra mükafatlandırılacaq.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq siyahısında nəzərə alınacaq. Həm peşəkarlar, həm də həvəskarlar arasında fərqlənən idmançılar federasiya tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 

AVİF-in mətbuat xidməti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43