Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq olan “İnter” klubunun baş məşqçisi Valter Matsari matç haqqında fikirlərini bildirib.
İdmanxeber.com-un məlumatına görə, oyunöncəsi keçirdiyi mətbuat konfransında təcrübəli mütəxəssis bu sözləri deyib:
“Üç gün ərzində hansısa dəyişiklik ola bilməz. Ancaq “Qarabağ”la oyuna yaxşı hazırlaşmışıq. Onları analiz etmişik. Kalyari” ilə oyun komandada problemlərin olduğunu göstərdi. Ancaq biz həmin məğlubiyyətin təsadüfi olduğunu sübut etməliyik. “İnter”də lider yoxdur” fikri ilə razı deyiləm. Komandada xeyli təcrübəli futbolçumuz var. Vidiç kapitan olmaq istəyərdi. Lakin o, komanda yoldaşlarının dəstəyini görmədi.
Bir neçə futbolçumuz zədə səbəbindən sabahkı oyunda iştirak etməyəcək. Bununla belə, “İnter” təcrübəli komandadır. Hazırda bütün diqqətimi “Qarabağ”la oyuna yönəltmişəm. “Kalyari” ilə müqayisədə onlara qarşı fərqli oyun nümayiş etdirəcəyik. “Qarabağ” az tanınmış olsa da, hazırda yaxşı formadadır. Bu görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.