Peşəkarlıq dildə deyil əməldə də özünü biruzə verməlidi, isbatlamalıdı. Peşəkar Futbol Liqası (PFL) və Topazın təşəbbüsü ilə hər turda jurnalistlərin bölgələrdə oynanılacaq qarşılaşmaları işıqlandırmağa aparma qərarı idman mediasının “qaranlıq” gecəsinə işıq saçdı. Növbəti səfər Zaqatala idi.
Bakıdan 418 kilometr şimal-qərbdə yerləşən bu şəhərin yolu yorucu olsa da, bu dəfə ayrı mənzərə yaşandı. Daha doğrusu idman mediasına yaxın biri, jurnalistlərin dostu, PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bu uzun yolculuqda etdiyi maraqlı söhbətlər, zarafatlarla bizi yorulmağa qoymadı. Hərçənd iş qrafiki sıx Aslanın özü yorğun, bitkin idi.
Səfər olduqca maraqlı alındı. İlk olaraq onu deyim ki, Qəbələ səfərindən fərqli Zaqatalaya daha çox media nümayəndəsi yollanmışdı. Zaqatalada diqqətlər “Simurq” – “Qarabağ” matçına yönəlmişkən, media işçiləri Topaz-ın “Hesabı düz tap, 1000 manat qazan” “kompaniyası”nda iştirak edirdilər. İdmanxeber.com saytı olaraq Fransadan yorğun dönən “Qarabağ”ın, az qollu matçlarla yadda qalan “Simurq”un bir-biri ilə ikincilərin meydanında qarşılaşdığını nəzərə alıb 1:2 proqnozunu verdik. Ancaq şans yanımızda olmadı və necə deyərlər “kayb etdik”.
Qarşılaşma ümumilikdə gərgin və maraqlı keçdi. 5 qol, sərgilənən maraqlı futbol göz oxşayırdı. “Simurq” “Neftçi” və “Qəbələ” üzərindəki qələbələrinin təsadüfi olmadığını ötəngünkü oyunu ilə bir daha isbatlamış oldu. Çixradze bu komandanı bu templə mövsüm sonuna kimi saxlaya bilsə, avrokuboklara bilet qazanmaq qaçılmaz olacaq.
Səfərimizdən agah Zaqatala klubunun mətbuat xidmətinin də media işçiləri üçün hər şeyin ən yaxşısını etməyə çalışması da gözdən yayınmırdı.
Qısacası səfər ümumilikdə olduqca maraqlı və əyləncəli alındı.
Bu səfərdə əməyi olan hər bir kəsə təşəkkürümüzü bildiririk. P(FL)eşəkarlıq budur!
Səxavət