28 Dekabr 2024
Kateqoriyasız

“Neftçi” ilə oyunda futbolçularımızın dizi əsməyəcək”

“Futbolçular çempionata normal qaydada hazırlaşıblar. Ona görə də ilk turda “Neftçi” ilə qarşılaşacağımız bizi qorxutmur. Onsuz da çempionatda bütün rəqiblərlə oynamalıyıq. Gəncə azarkeşlərinə əvvəlki derbilərin ab-havasını yaşatmağa çalışacağıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının startı öncəsi klubun mətbuat xidmətinə bildirib.

Təcrübəli mütəxəssis “Neftçi”nin köklü klub olduğunu və azarkeşləri maraqlı matçın gözlədiyini açıqlayıb: “”Neftçi”nin böyük tarixi var. Komplektləşmiş heyətə malikdirlər, Avropa Liqasında çıxış ediblər. “Kəpəz”in isə yenidən qurulduğunu nəzərə alaraq bizi çətin oyunun gözlədiyini demək mümkündür. Proqnoz verməyi sevmirəm, amma futbolçularımızın meydançada dizlərinin əsməyəcəyini söyləyə bilərəm. Nə gücləri var, onu oyunda qoyacaqlar. Fanatlar üçün maraqlı görüş olacaq”.

“Kəpəz” – “Neftçi” oyunu futbol ictimaiyyəti tərəfindən tarixi derbi adlandırılır. Bu da hər iki komandanın ölkənin ilk klubları olmasından və aradakı rəqabətin uzun illərə söykənməsindən doğur. Tərəflərin görüşü həmişə gərgin mübarizə şəraitində keçib: “Səmimi olaraq deyim ki, yeni yığılmış komanda olduğumuzdan və uşaqlar ayrı-ayrı klublardan gəldiyindən derbinin həyacanını tam hiss etmirlər. Ajiotaj yaratmaq lazım deyil, oyunçular zamanla bunu başa düşəcəklər. Azarkeşlərin oyuna marağı istər-istəməz əvvəlki derbiləri xatırlatmağa başlayıb. Mənə elə gəlir ki, həm “Kəpəz”, həm də “Neftçi” futbolçuları maraqlı, gərgin oyunla, qollarla derbi ab-havasını qaytaracaqlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43