“Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və klubun idman direktoru Vəli Qasımovun Cənubi Amerikada rəsmi işgüzar səfəri davam edir. Dünən klub rəsmiləri Braziliya komandalarının iştirakı ilə keçirilmiş 2 qarşılaşmanı izləyiblər.
Əvvəlcə “Fluminense” və “Vasko da Qama” klublarının 20 yaşadək futbolçulardan ibarət komandalarının oyununa yollanmış nümayəndələr, daha sonra A Seriyasının 18-ci turu çərçivəsində keçirilmiş “Flamenqo” – “Atletiko PR” matçına stadiondan baxıblar. Bununla yanaşı, klub rəsmiləri iki işgüzar görüşdə qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirələr aparıblar. Klub saytının yazdığına görə, səfərin təfərrüatları barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Qeyd edək ki, 4 qat Braziliya çempionu, ölkə kubokunun qalibi və Libertadores kubokunun finalçısı olmuş “Fluminense” klubunun heyətində dünya şöhrətli futbolçular çıxış edib. Onlardan Fred, Deko, Romario, Branko və Rivelino kimi futbolçuların adlarını çəkmək kifayət edir.
1898-ci ildə yaradılmış “Vasko da Qama” klubu isə daha zəngin tarixi nailiyyətlərə imza atıb. Libertadores kubokunun qalibi olmuş “ağ-qara”lar 4 dəfə ölkə çempionu və 1 dəfə Braziliya kubokunun qalibi adını qazanıblar. Dunqa, Jardel, Tostao, Edmundo, Vava kimi futbolçular məhz bu komandanın formasını geyiniblər.
2005-ci ildə Libertadores kubokunun finalında oynamış “Atletiko” PR bir dəfə Braziliya çempionu olub. Vaxtilə heyətində Kleberson, Jadson, Mişel Bastos kimi futbolçuları cəmləşdirmiş “qasırğa” ləqəbli komanda hazırda A Seriyasının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Ev oyunlarını məşhur “Marakana” stadionunda keçirən “Flamenqo” isə nəinki Braziliyanın, həm də Latın Amerikasının ən məşhur komandalarından sayılır. “Qırmızı-qara”lar Libertadores kubokunu qazanmaqla yanaşı, 6 dəfə A Seriyasının qalibi olublar. Leonardo, Julio Sezar, Bebeto kimi adlar vaxtilə “Flamenqo”nun şərəfini qoruyublar. Hazırda da güclü heyətə malik olan Rio-de-Janeyro təmsilçisi 18 turdan sonra A Seriyasında 11-ci yeri tutur.
Qeyd edək ki, əsası yerli futbolçulardan təşkil olunmuş bu klublar güclü futbol akademiyasına malik olmaqla yanaşı, futbolçu yetişdirmək sahəsindəki təcrübələri ilə tanınırlar. Bu baxımdan Braziliya klublarının əsas və aşağı yaş qrupu komandalarının oyunları bu ölkəyə gələn nümayəndə və menecerlər tərəfindən hər zaman maraqla izlənir.
“Flamenqo” – “Atletiko PR”
“Fluminense” – “Vasko da Qama” (U-20)